Riqada yerləşən Latviya Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə şairin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərgi təşkil olunub.
Cia.az xəbər verir ki, tədbir Azərbaycanın Latviyadakı Səfirliyinin UNESCO üzrə Azərbaycanın Milli Komissiyası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası və Latviya Milli Kitabxanası ilə birgə əməkdaşlığı çərçivəsində keçirilib. Sərgidə dünyanın müxtəlif muzeylərində saxlanılan əlyazma kitablardan ümumilikdə 24 miniatür nümayiş etdirilib.
Tədbirdə, həmçinin son illər Heydər Əliyev Fondu tərəfindən nəşr olunan və N.Gəncəvinin əsərlərindən ibarət kitablar, digər nəşrlər nümayiş etdirilib və Latviya Milli Kitabxanasına hədiyyə olunub.
Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini və bunun dahi şairin əsərlərinin və ölməz ideyalarının dünyada daha geniş şəkildə tanıdılması məqsədi daşıdığını bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers çıxışında qeyd edib ki, N.Gəncəvinin əsərləri bütün bəşəriyyətin mədəni irsidir. O bildirib ki, 880 il sonra N.Gəncəvinin əsərlərinin müasir dövrdə bu qədər əhəmiyyət kəsb etməsinin səbəbi onun əsərlərində təbliğ olunan humanizm ideyasıdır və humanizmin zaman və məkan sərhədi yoxdur.
Latviya Milli Kitabxanasının direktoru Andris Vilksin səsləndirilən müraciətində qeyd olunub ki, Latviya Milli Kitabxanası Azərbaycan Milli Kitabxanası ilə uzun müddətdir səmərəli əməkdaşlıq edir və 2019-cu ildə kitabxanaya Azərbaycan tərəfindən kitablar hədiyyə olunub.
Daha sonra tədbirdə Azərbaycanın Xalq Artisi Əvəz Abdulla tərəfindən N.Gəncəvinin əsərlərinə bəstələnən romanslar və digər musiqi əsərləri yüksək məharətlə ifa edilib. Tədbirin sonunda ziyafət təşkil olunub və Azərbaycan milli yeməkləri təqdim olunub.
Tədbirdə Latviyanın dövlət rəsmiləri, tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun üzvləri və diaspora nümayəndələri iştirak edib.







