Qazaxda əkin sahəsində törədilən qətlə görə məhkəmə araşdırması başa çatıb. Məhkəmədə qətlin bir sıra təfərrüatları üzə çıxıb. Məlum olub ki, qətl hadisəsinin baş verməsinə səbəb əkin sahəsindən gizli yolla götürülən 3 kiloqram kartof olub. Buna görə başlayan mübahisə ölümlə nəticələnib.
Cia.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər məhkəməsində qətl hadisəsi törətməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Nəsimi İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qazax rayon sakini, 1999-cu il təvəllüdlü Novruz Mansurovu öldürməkdə ittiham olunan Nəsimi İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi rayonun İkinci Şıxlı kəndində yerləşən “İnvestel Group” MMC-də baş verib. Qətli törədən Nəsimi İsmayılov MMC-də mühafizəçi, mərhum isə fəhlə işləyirmiş. Hadisə tərəflər arasında işə görə başlayan mübahisə nəticəsində baş verib.
Məlumata görə mərhum Novruz Mansurov hadisədən bir neçə gün əvvəl əkin sahəsindən çıxan zaman özü ilə yemək gətirdiyi məktəb çantasına 3-4 kiloqram kartof yığaraq evə aparmaq istəyib. MMC-dən çıxan zaman mühafizəçilər onları yoxlayıb və onun çantasında əkin sahəsindən götürülən kartof aşkar edilib.
Bu hadisədən bir gün sonra mühafizəçi işləyən Nəsimi aralarında Novruzun da olduğu işçilərə “gedəndə xəbər edin, zənbillərinizi yoxlayacam” deyib. Bu zaman Novruz ona “sən mənim çantamı yoxlaya bilməzsən” deyib və söyüş söyüb. Mübahisə zamanı Nəsimi İsmayılov cibindən çıxardığı bıçaqla Novruzun ürək nahiyəsinə bir zərbə endirib. Novruz xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Nəsimi İsmayılov ifadəsində deyib ki, əkin sahəsində ümumi işçilərə “işdən çıxan zaman mənə deyin, gəlib avtomobillərə və sizin zənbillərinizə baxış keçirəcəm” deyib. Bu zaman Novruz Mansurov oturduğu yerdən uca səslə ona “sən nə deyirsən?” deyib və onun üstünə gəlib: “Mən də onun üstünə getdim. Novruz var-yox söyüşü söydü ki, onun üstünü yoxlaya bilmərəm. Novruz çatan kimi məni təpiklə vurdu. Mən də bıçaqla ona bir zərbə vurdum. Novruz yenə söyüş söyərək iki-üç adım dal-dala getdi. İki nəfər qaça-qaça gəlib Novruza yaxınlaşdılar. Mən isə həyəcan və şok içində baş verənləri izləyirdim. Kənardan Novruzun qardaşının əlləri ilə öz başına-başına vurduğunu gördüm. Qorxaraq bıçağı cibimə qoydum və kəndə tərəf qaçdım”.
Nəsimi bildirib ki, üzərində olan meyvə bıçağını evdən götürüb və həmişə üzərində gəzdirib. Çörək və meyvə doğramaq üçün istifadə edirmiş.
Nəsimi qorxduğu üçün yolda gizlənməyə bir yer tapıb və polisdə işləyən tanışına zəng edib. Ona təslim olmaq istədiyini deyib və kömək istəyib. Tanışı əraziyə gəlib və onu gizləndiyi yerdən maşınla götürərək polisə aparıb.
Mərhumun qardaşı da hadisə ilə bağlı məhkəmədə dindirilən zaman eyni məzmunlu ifadə verib. Bildirib ki, qardaşı ərazidən kartof aparan zaman onun yanında olub: “Mən onun kartof götürdüyünü bilmirdim. Səhv etdiyini, oğurluq mal götürməməsini başa saldım. Evdə anam da onu danladı. Onun çantasından kartof çıxanda kasıb olduğumuz üçün bunu ehtiyac üzündən etdiyini bildirdi. Mən də səhv hərəkət olduğuna görə sahə rəisindən, mühafizəçilərdən üzrxahlıq etdim. Bu söhbət həll olundu. Bununla bağlı Nəsimi ilə aramızda təkbətək də söhbət oldu və üzr istədim, yoluna qoyduq.
Sonra ərazidə olanda Nəsimi dedi ki, gedəndə xəbər edin, maşınları və zənbilləri yoxlayacam. Mən də dedim ki, yaxşı. Novruz Nəsimiyə dedi ki, niyə elə danışırsan? Bu sözlər Novruzun xoşuna gəlməmişdi.Onlarla mənim aramda 60-70 metr məsafə olardı. Sonra bir-birlərinə tərəf getdilər. Qardaşım ona təpik atdı, Nəsiminin cibindən nəsə çıxarıb onu vurduğunu gördüm. Qardaşımın ürək tərəfinə baxanda bıçaq izini gördüm və həyəcandan başıma vurmağa başladım. Novruz bir az özünə gələndə Nəsimiyə tərəf baxaraq “qaqa, sən yaxşı hərəkət eləmədin” dedi. Biz onu xəstəxanaya çatdırsaq da həyatını xilas edə bilmədilər”.
Məhkəmədə mərhumun atası da hüquqi varis kimi dindirilib. Hadisə barədə məlumatlı olmadığını, həmin gün yaşananların ondan gizlədildiyini deyən ata bu haqda sonradan şahidlərdən eşitdiyini bildirib: “Birinci dedilər ki, Novruzun əlini şüşə kəsib. Buna görə də xəstəxanaya aparıblar. Sonra onun şəxsiyyət vəsiqəsini evdən apardılar. Qonşular, cavanlar bizim həyətə yığışdı. Bundan sonra öyrəndim”.
Mərhumun atası təqsirləndirilən şəxsdən şikayətçi olduğunu deyib.
Nəsimi isə əməlindən peşman olduğunu bildirsə də ömrünün 10 il 6 ayını dəmir barmaqlıqlar arxasında keçirməli olacaq...
