|
Tələbə təqaüdü ilə bağlı yeni mexanizm

Təhsil Nazirliyi ali təhsil sistemində dövlət sifarişi əsasında oxuyan tələbələrə təqaüdün ödənilməsi sisteminin dəyişdirilməsini təklif edən yeni mexanizm hazırlayıb. 
Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı yeni mexanizm hazırlayıb: 
"Mövcud təhsil sisteminə uyğun olaraq, ali məktəbə qəbul üçün imtahanlar mərkəzləşdirilmiş şəkildə keçirilir. İmtahanda yüksək bal toplayan və dövlət hesabına təhsil almaq hüququ əldə edən tələbələr təhsil aldıqları 4 il ərzində qeyri-kafi qiymətlər almamaq şərtilə təqaüd almaq imkanı qazanırlar. Beləliklə, biz bir dəfə keçirdiyimiz bilik qiymətləndirməsi əsasında 4 il ərzində tələbəyə dövlət tərəfindən təqaüdün verilməsi barədə qərar veririk. Ancaq bu mexanizmdə müəyyən boşluqlar və təhsil prosesinə təsir edən məsələlər var. Təhsil prosesi də rəqabətli olmalıdır, çünki bu, daha yüksək nəticələrə gətirib çıxarır".

M.Cabbarov bildirib ki, yeni mexanizmə uyğun olaraq, tələbə üçün dövlət tərəfindən ödənilən təhsil haqqı ilə təqaüd fərqləndirilir: "Dövlət sifarişli yerlərdə təhsil alan tələbə təhsil haqqından azad olsa da, yeni mexanizmə uyğun olaraq, onun təqaüd alıb-almaması təhsil prosesi, habelə onun hər ay göstərdiyi akademik nailiyyətlərdən asılı olacaq. Bu, sadəcə, formal xarakter daşımır. Bir çox halda danışdığımız akademik mühitin saflaşdırılması üçün bunların edilməsi vacibdir. Bu sistem digər tərəfdən subyektiv amillərlə mübarizənin sistemli prinsiplərini tətbiq etməklə akademik biliklərin artırılmasına gətirib çıxaracaq”, - deyə nazir əlavə edib.

Cia.az