“SOCAR şirkətində islahatlar gedir, 2025-ci ilə kimi hazırlanan startegiyada alternativ enerji məsələlərinə də toxunulub. Alternativ energetikaya keçidin üzərində çalışırıq”.
Cia.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, buna SOCAR Türkiyə olaraq qərar verilməyəcək, SOCAR Group qərar verəcək: “Bu il Türkiyədə 21 yanvarda istehsal olunan enerjinin 51 faizi alternativ enerji mənbələri hesabına alınıb. Türkiyə dünyanın ən iri alternativ enerji istehsal edən ölkələrindəndir. Hazırda dünyada bu sahədə 11-ci yerdədir və ilk onluğa girmək niyyəti var. Biz də bu prosesi izləyirik və bu sahəyə maraq göstəririk”.
Z. Qəhrəmanovun sözlərinə görə, son iki ildə pandemiya ilə əlaqədar şirkət illik və aylıq planlamadan həftəlik planlamaya keçib: “İndiki dövr üçün bazarda nə baş verəcəyini demək mümkün deyil. Artıq illik və ya aylıq planlama etmək öz səmərəsini verməyə bilir. Pandemiya ilə əlaqədar digər sektorlar üzrə proseslər də enerji sektoruna təsir olur. Hazırda bunların hamısını nəzərə alırıq. Güclü bir komandamız var və yaxşı işlər görmüşük, bundan sonra da görəcəyik”.
Baş direktor vurğulayıb ki, bu gün dünya trendləri izlənilir və ona uyğun yatırımlar edilir: “Hazırda davamlı inkişaf məsələlərinə də xüsusi diqqət yetirilir. Mövcud iqtisadi vəziyyətlə əlaqədar hər bir şirkətin davamlı inkişaf proqramının olması vacib hesab olunur”
