“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 1989-2014-cü maliyyə illərinə aid, bu il yanvarın 1-nə 57 milyon 630 min 486 manat təşkil edən ümidsiz borcu silinib.
Bu barədə Cia.az-a hökumətdəki mənbə məlumat verib.
Məlumata görə, həmin borc 25 il ərzində malların təqdim edilməsi və müəyyən işlərin görülməsi ilə əlaqədar yaranıb, indiyə qədər ödənilməyib.
Borcların silinməsi ilə bağlı ADY-yə və İqtisadiyyat Nazirliyinə tapşırıqlar verilib.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906 milyon 62 min manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur.
