Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov Rusiya Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.
Bu xəbərdən sonra həm qızın, həm də Xalq artistinin kimliyi maraq doğurub.
Cia.az-ın məlumatına görə, Maksakova sülaləsinin nümayəndəsi olan 22 yaşlı Annanın babası SSRİ-nin ABŞ-dakı əfsanəvi səfiri Anatoli Dobrınin, qardaşı biznes-konsultant Pyotr Maksakovdur.

A.Maksakova 2016-cı ildə verdiyi müsahibəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığını deyib. 2016-cı ildə “Tatler” nəşrinin debütantlarından biri olub.
Teatrı çox sevir, ən sevimli tamaşası nənəsinin oynadığı “Pristan”dır. Ən sevimli şəhəri Nyu-Yorkdur: “Çalışıram hər tətilimi Nyu-Yorkda keçirim. Onun ritmini və sakinlərinin mentalitetini sevirəm”.

Xalq artisti Lyudmila Maksakova 1940-cı il sentyabrın 26-da Bolşoy Teatrın baritonu Aleksandr Volkov və Böyük Teatrın solisti Mariya Petrovna Maksakovanın ailəsində doğulub. 1961-ci ildə L. Maksakova B.V.Şukin adına Teatr Peşə Məktəbini bitirib. Məktəbi bitirdikdən sonra Vaxtanqov adına Teatrın truppasında qəbul olunub, həmin vaxtdan orada çalışır.

Aktrisanın sevimli rolu – “Tatyanin den” filmindəki ağıllı, cəlbedici, qətiyyətli Tanya Oqnevadır (tarixi prototip – Liza Pılayeva).
1970-ci ildən Boris Şukin adına Teatr İnstitutunda dərs deyir, kafedra professorudur.
30-dan çox teatr tamaşasında, 40-dan çox filmdə, 10-dan çox televiziya tamaşasında rol alıb.

1971-ci ildə “RSFSR Əməkdar artisti”, 1980-ci ildə “RSFSR Xalq artisti” fərxi adlarına layiq görülüb. 1995-ci ildə Rusiya Federasiyasının Dövlət mükafatı, 1996-cı ildə “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordeni, 2018-ci ildə “Vətən qarşısında xidmətlərinə görə” III dərəcəli ordeni, 2021-ci ildə Rusiya Prezidentinin Fəxri Fərmanı ilə təltif olunub.
İki dəfə ailə həyatı qurub: birinci həyat yoldaşı (1960-1970) rəssam Feliks-Lev Zbarski (1931-2016), ikinci həyat yoldaşı Peter Andreas İqenberqs (1974-2018) olub. Xalq artistinin birinci ərindən Maksim (1970-ci il doğumlu), ikinci ərindən isə Mariya adlı (1977-ci il doğumlu) qızı var.
Hüseyn Məmmədsalahov


