|
Sabiq bələdiyyə sədri 14 min manat oğurlayıb

Zaqatala rayon Bəhmətli kənd bələdiyyəsinin sabiq sədrinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub. 

Zaqatala rayon prokurorluğundan Cia.az-a verilən məlumata görə, bələdiyyənin sabiq sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə istintaq davam etdirilir.