Qonşu Gürcüstanda cərəyan edən hadisələri hamı diqqətlə izləyir. Mixael Saakaşvilinin aclığa nə qədər tab gətirməsi və hadisələrin necə sonlanacağı hamı üçün maraqlıdır. Xüsusən, dünən eks prezidentin video görüntüləri Saakaşvilini izləyənlərin həyəcanını daha da artırdı.
Saakaşvilinin internet üzərində yayılan video görüntüsündə boynundakı böyük xaç xüsusi diqqət çəkir. Əslində kilsəni dövlətin başına bəla edən elə eks prezident oldu. Saakaşvilinin siyasi fəaliyyətinin mənfi nöqtəsi, eks prezident hesab edirdi ki, büdcədən ayrılan yüksək məbləğ və kilsə biznesləri üçün vergisiz sistem onları Rusiyadan qoparacaq, sadəcə qazanacaq və dini ayinlərlə məşğul olacaqlar. Əksi oldu, kilsə gücləndi. Gücləndikcə harınladı, artıq özü dövlət olmaq həvəsinə düşdü. Hamıya məlumdur ki, Mixael Saakaşvili dindar deyil, din Mişa üçün siyasi maneradır.
Yayılan video görüntülərdə Mişanın saxlandığı otaqda görünən anti sanitariya bugünki Gürcüstanın görüntüsüdür. Mişanın saxlandığı otaq kimi Gürcüstanda qarmaqarışıqdır.
Hadisələrin axarından belə nəticə çıxır ki, Saakaşvilinin Vətənə dönüş planı iflasa uğrayıb. Artıq B planını həyata keçirmək zamanıdır. ABŞ-dan dəstək gözləntiləri də bir ayda özünü doğrultmadı. ABŞ-ın müdafiə nazirinin Tiflisə rəsmi səfəri zamanı hamı düşünürdü ki, artıq məsələ öz həllini tapacaq, Saakaşvilinin taleyi elə həmin gün həll olunacaq.
Yenə də gözləntilər nəticəsiz qaldı.
Elə də uzaq olmayaq keçmişə qayıtsaq, 2008-ci il Rusiya Gürcüstan arasında baş verən müharibədə ABŞ-ın mövqeyi beləydi “ Biz kiçik Gürcüstana görə o boyda Rusiya ilə müharibə edə bilmərik”.
Bəli, Saakaşvilinin yenidən hakimiyyətə gəlməsinə Putinin və Rəsmi Moskvanın göz yumacağına inanmaq, qışda 40 dərəcə temperaturun olacağına inanmaq kimi bir şeydir. Putinin siyasi xəttində bu günə kimi geri dönüş olmayıb, yəqin ki, olmayacaq da!
Qara dənizin bu üzündə quru torpaq sahəsi axtaran ABŞ-a qarşı Rusiya hər cür sərt addımı atmağa hazır kimi görünür. ABŞ-la Rusiya Gürcüstanın idarəçiliyini buraxmaq istəmir. Putin isə daha uzaqgörən davranaraq, Gürcüstana Bidzina kimi arxa fonda siyasət yürüdən, Putinin planı ilə hərəkət edən, üzdə düşmən rolu oynayıb, arxada qardaş münasibəti bəsləyən siyasətçi yerləşdirib.
Elida Muxayeva
