|
Baydenin Demokratiya Sammiti: Türkiyə və Azərbaycan niyə dəvət olunmayıb?-ŞƏRHLƏR

ABŞ Prezidenti Co Bayden seçkiqabağı kampaniyasında verdiyi əsas vədini yerinə yetirməyə hazırlaşır. O, Demokratiyaya Dəstək Sammiti keçirməlidir. Bu, 100-dən çox ölkənin qatılacağı ilk sammit olacaq. İnsan haqları müdafiəçiləri planlaşdırılan tədbirin dəvət edilən bəzi avtoritar meyllərdə ittiham olunan dünya liderlərini təşviq edəcəyinə şübhə ilə yanaşırlar.

“Freedom House”un vitse-prezident Anni Boyacan bildirib ki, əgər sammit növbəti görüşdən daha böyük olsa, o zaman hər bir iştirakçı, o cümlədən ABŞ qarşıdakı illərdə demokratiya və insan haqları sahəsində ciddi öhdəlikləri yerinə yetirməli olacaq.

Administrasiya nümayəndələri vurğulayırlar ki, dekabr tədbiri demokratiyaya dair daha uzunmüddətli müzakirələrin başlanğıcıdır və ikinci sammitə dəvət almaq üçün ölkələrin vəd etdiyi islahatları həyata keçirməsi zəruri olacaq.

Dekabrın 9-10-da baş tutacaq sammit Baydenin fevralda xarici siyasətlə bağlı ilk çıxışında verdiyi bəyanatın təsdiqidir. O bəyan edib ki, ABŞ Çin və Rusiyanın başçılıq etdiyi avtoritar qüvvələrə qarşı mübarizədə qlobal liderliyə qayıdır.

“Politico”nun dərc etdiyi və məlumatlı mənbənin təsdiq etdiyi dəvətlilərin ilkin siyahısı göstərir ki, sammitdə yetkin demokratik ölkələr (məsələn, Fransa və İsveç), Filippin və Polşa liderləri iştirak edəcək.

Bu sammitə bölgənin lider dövləti Türkiyə dəvət edilməyib. Azərbaycana da dəvət yoxdur. Düzdür, bir çox mənbələr siyahının hələ yekunlaşmadığını, dəvətli sayının dəyişəcəyini bildirirlər. Lakin ilkin siyahıda Türkiyənin və Azərbaycanın adının olmaması artıq həm bu iki ölkədə, həm də xarici mətbuatda müzakirə olunmağa başlayıb. Türkiyə və Azərbaycanın sammitə dəvətlilər sırasında olmamasının səbəbi nədir? Bayden administrasiyasının bu addımının ardınca ABŞ-ın hər iki ölkəyə qarşı təzyiqləri başlaya bilərmi?

 

Siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a bildirib ki, Demokratiya forumu əslində ABŞ-ın öz cəbhəsini formalaşdırmaq üçün istifadə etdiyi vasitələrdən biridir:

“Baydenin hakimiyyətə gəlişindən sonra Vaşinqton Tramp dövründə proseslərdən bir qədər arxada qalan ABŞ-ı yenidən önə çıxarmağa, xüsusilə dağılmış cəbhəni yenidən toplamağa çalışır. Bayden  öncə Avropada başladı. G-7 və G-20 sammitində Köhnə Qitədəki köhnə müttəfiqlərini bir araya gətirməyə çalışdı. Rusiya ilə qarşıdurmanı yenidən açıq müstəviyə keçirməsi, Ukrayna cəbhəsindəki toqquşmaların səbəblərindən biri də məhz Avropanı “xarici təhlükəyə” qarşı ABŞ-ın ətrafında birləşdirməkdir. Demokratiya forumunun da cəbhə formalaşdırmaq strategiyasına uyğun istifadə edildiyi görünür. Yəni məqsəd demokratiyadan çox, siyasidir. Dəvət olunan ölkələrin siyahısı da bunu göstərir. Türkiyə və Azərbaycanın dəvət edilməməsi, əvəzində Ermənistana dəvət göndərilməsi də bunun bariz nümunəsidir. Paşinyan ABŞ-ın sevdiyi “rəngli inqilab”la küçədən hakimiyyətə gəlib, lakin bu, onun demokrat olması demək deyil. Paşinyanın siyasi opponenti və jurnalist Yeqizaryanın həbsi, həbsxanada ölməsi bunun real nümunəsidir. Müharibədən öncə və sonra Ermənistan hakimiyyətinin media və siyasətçilərə qarşı addımları da bu ölkədə foruma dəvət ediləcək qədər demokratiyanın olmadığını göstərir. Bayden Administrasiyası bölgədə Ermənistanla işləməkdə maraqlı olduğunu göstərir. O cümlədən, Vaşinqton Bakı və Ankaraya qarşı mövqedən çıxış edəcək”.

 

A.Nərimanlı bildirir ki, dəvətli siyahısında Azərbaycan və Türkiyənin olmamasının səbəblərindən biri ABŞ-da və yeni administrasiyada erməni lobbisinin təsir imkanlarına malik olmasıdır: “Bununla yanaşı, Bayden Türkiyənin mövcud hakimiyyətinə qarşıdır. Bütün bunlarla yanaşı, Türkiyə və Azərbaycanın regionda yaratdığı yeni reallığı ABŞ özstrategiyasına qarşı maneə olaraq görür. Bakı və Ankaraya dəvətin göndərilməməsinin səbəbi budur və məhz siyasi xarakter daşıyır. ABŞ-ın bu mövqeyi Rusiyanın əlini gücləndirir. Türkiyə Rusiya ilə münasibətlərinə müstəqil formada, öz maraqları çərçivəsində yanaşır. Bundan sonra bu əlaqələr daha da güclənə bilər. Türkiyə Rusiya münasibətləri bu münasibətlərdə həmişə körpü rolunu oynayan Azərbaycanın da mövqeyinə təsir edir. Bu prosesdə itirən tərəf elə ABŞ-ın özüdür.

 

Politoloq Şahin Cəfərlinin fikrincə, dəvətlilər sırasında Türkiyənin olmaması haqsızlıqdır: “Türkiyədə son illər hüquq dövləti, insan haqları, demokratik inkişaf sahəsində ciddi reqres baş versə də, demokratik seçki institutu hələ işləyir, bunu 2019-cu ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər də göstərdi. Türkiyənin demokratik institutları (siyasi partiyalar, QHT-lər və s.) toplantıya dəvət alan bir çox dövlətin, o cümlədən Ermənistan, Gürcüstan, Pakistan kimi ölkələrin müvafiq institutlarından daha güclüdür. Türkiyə demokratik dövlətlərin ittifaqı olan NATO-nun üzvü, Avropa Birliyinə namizəd ölkə olaraq qalır, onu Rusiya və digər avtokratik ölkələrlə, diktaturalarla bir sıraya qoymaq yanlışdır”.

Politoloq bildirir ki, ümumiyyətlə, bu tip siyahıların hazırlanmasında subyektivizm amili və müəyyən maraqlar hər zaman rol oynayır.

 

Politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun dediyinə görə, ABŞ artıq demokratiya etalonu sayılmaq hüququnu itirib: “İraqı dağıdan, Əfqanıstana girib, biabırçı şəkildə oranı tərk edən bir dövlətin demokratiya etalonu olması mümkün də deyil. Düşünmürəm ki, planlaşdırılan tədbir dünyada böyük marağa səbəb olacaq: videoformatda bir konfrans olacaq. Və onun dünyada demokratiyanın inkişafına hansısa töhfə verəcəyini də gözləmirəm. Buna görə də ona xüsusi önəm verib, niyə dəvət olunmadıq deyib müzakirə açmağımıza belə gərək yoxdur”.

Mərkəz rəhbəri deyir ki, Azərbaycan öz inkişafı üçün zəruri addımları atmalıdır: “Türkiyə ilə Azərbaycanın ittifaqı daha da möhkəmləndirilməli, ölkədə dərin islahatlar aparılmalıdır. Əldə etdiyimiz böyük Zəfərə layiq demokratik dəyişikliklər həyata keçirilməli, demokratik institutların inkişafına şərait yaradılmalıdır. Biz inqilab yolu ilə deyil, təkamül yolu ilə ölkəmizdə demokratik cəmiyyəti qurmalıyıq, bu, ABŞ-ın, yaxud başqa dövlətin xoşuna gəlmirsə, öz işləridir”.