|
Qalib xalqın “məğlub sindromu”

44 günlük müharibənin nəticəsi elə bir fövqəladə hadisədir ki, necə şübhə ilə qiymətləndirəsən, kölgələyəsən, hətta aşağılayasan...

Axşam namazını bildirən azanı dinlədikdən sonra əyləşdiyim taksinin sürücüsü ilə birgə şəhidlərimizə rəhmət oxuduq və beləcə, söhbətimizə körpü saldıq. Sürücü dərhal dedi ki, bəs, şəhidlərimizin sayı əslində deyilən qədər deyil, lap çoxdur(rəqəm də söylədi). Üstəlik, “onlara baxan da yoxdur”. Deyirəm, qardaşım, bu kimi yalanları XXI əsrdə haradan eşidirsiz, kimlər danışır bu sarsaq fikirləri? Deyir bəs, filankəsin filankəs qohumu müharibədə ön cəbhədə olub, özü görüb, filan adama deyib və sairə...Deyirəm, axı necə ola bilər ki, bu qədər şəhidi gizlətsinlər. Davam edirəm: “Bax sənin, ya mənim xalamız oğlu müharibədən qayıtmasaydı, onu axtarmazdıqmı? Görsəydik, səsimiz duyulmur, yutubda “itkinimiz var, amma gizlədirlər” deyib video yaymazdıqmı? İndi hansı dövrdü ki, itkini gizlədəsən...” Razılaşmış kimi görünür, amma bu dəfə ikinci məsələnin qarşıma “dığırlayır”. Deyirəm, dövlət baba şəhidini unutmur, qazisinə isə sahib çıxır. Havadan demirəm, içərisində olduğum informasiyanı deyirəm. Amma əlavə də edirəm ki, narazılıqlar da var və bu da tədricən düzələcək. Bu səbəbdən “unudur və sahib çıxmır” kimi sözlər danışmaq yaramaz. Şəhidlərimizə ən böyük sayğısızlıq elə bu cür düşüncələrdir. Sonra yenə Xankəndi, sonra yenə köhnə “havalar...”

 

Zəfərimizin bir ili tamam olur, hələ də bu cür düşüncəli adamlarla rastlaşırıq. Hər yerdə həm də... Nədir bu “məğlub sindromu”mu? Axı məntiqlə Qələbəyə tamarzı qalmış xalq bu neməti necə deyərlər, son damlasına qədər “içməli”, beynində “həzmə verib”, ləzzətini yaşamalıdır. Fəqət, sanki bəziləri ortada ancaq bu “məğlub sindromu”nu yaymaq üçün gəzir- məqsədləri nədir, ağrıları nədir, səmimi deyirəm ki, ilk vaxtlar anlamağa çalışırdım. Hətta uzun-uzadı bildiyim həqiqətləri izah etməyi özümə vətəndaş borcu bilirdim. Demirəm, məhz mənim düşündüyüm kimi düşün. Amma 44 günlük müharibənin nəticəsi elə bir fövqəladə hadisədir ki, necə şübhə ilə qiymətləndirəsən, kölgələyəsən, hətta aşağılayasan...

Qarabağ müharibəsidə məğlubiyyəti yaşamış xalqın bəzi təbəqələrinin Qələbəni tam həzm edə, hətta qəbul edə bilməməsinin psixoloji səbəbləri haqda sahə mütəxəssisləri daha dəqiq danışa bilər. Bu xalqın 1988-ci ildən bəri üzləşdiyi psixoloji travmalarını kənardan yox, onların içərisində, onlardan biri kimi yaşayan biri kimi indi təəccüblənməyə, təəssüflənməyə bilmirəm. Nə baş verir? Məsələn, Xankəndini xəritədə göstərə bilməyənlərin bu şəhərlə bağlı ağrısı, həsrəti doğurdanmı bu qədər dərindir, ən əsası, səmimidirmi? Müharibənin bir mərhələsində imzamı qoyub yazmışam ki, Xankəndi “şeytan yuvası”dır və oranı da mütləq geri almalıyıq, ermənini oradan sonuncu dığasınadək rədd etməliyik. Səmimi olaraq, yazmışam bunu... Amma sonra o gerçəyi də qəbul etmişəm ki, məsələ mənim(mənim kimi düşünənlərin) istəyindən, arzusundan asılı deyil. Bu daha ciddi, hətta dövlətlərarası, Qələbəmizə zərər vuracaq məsələdir. Bunu hələ də səmimi olaraq qəbullanmayanlar varsa, onlara sözüm yoxdur. Ancaq bunu Qələbəmizi kölgələmək, “yox əşi, biz erməniyə qalib gələ bilmədik” deyərək, ortalıqda gəzənlər çox zərərli düşüncə sahibləridirlər. Çoxu öz sözünü demir, başqa adamların sözlərini baxdıqları zərərli videolardan əzbərləyirlər, bunu da gizlətmək mümkün deyil. Bu cür düşüncə isə adamı üzür, məyus edir, hətta hövsələdən çıxarır.

Nə etmək lazımdır? Hansısa “sağalma resepti” varmı? Müharibədən bəhs edən Azərbaycan filmilərinin birini xatırlayıram. 1989-cu ildə çəkilmiş “Ölsəm, bağışla” filmində bir həkim obrazı var. Həkim faşist Almaniyası ilə müharibə haqda danışanda həmişə deyir ki, bu qələbə bizə çox ağır başa gəldi, çox itkilər verdik, biz müharibəyə hazır deyildik. Bu o deməkdir ki, müharibələrdən sonra belə bir sindrom həqiqətən yaşanır. Düzdür, filmdə o həkimi Bakıdakı Stalin müstəntiqləri həbs edirlər, amma indi şükür ki, dövr o deyil. Müharibə haqda da, onun nəticələri haqda da danışmağı kimsə qadağan edə bilməz. Amma Qələbəmizi bilərəkdən kölgələmək, şəhidlərimizə dil uzatmaq kimi hallara qarşı cəmiyyət birgə mübarizə aparmalıdır. Bəlkə də gələcəkdə Rusiyadakı kimi 1941-45-ci il vətən müharibəsi və iştirakçılarını aşağılamaq hallarına qarşı qanun da qəbul etmək olar.

Qələbəmizi qorumalı, onun qədrini, dəyərini bilməyik, bunu hətta əxlaq normasına gətirməliyik ki, gələcək nəsillərə ötürə bilək...