MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Özbəkistan Ali Məclisi senatının Gənclər, Mədəniyyət və İdman Komitəsinin sədri ilə görüşdə Xocalı Soyqırımının tanınması məsələsini qaldırıb.
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Özbəkistan Ali Məclisi senatının Mədəniyyət və İdman Komitəsinin sədri Bəxtiyar Seyfullayev ilə görüşüb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Komitə sədri özbək həmkarı ilə görüş və müzakirə aparmaqdan məmnunluğunu bildirib: “qardaş ölkələrimiz arasında bütün əməli fəaliyyət sahələri üzrə yaxşı münasibətlər olması bizləri məmnun edir. Özəlliklə mədəniyyət sahəsindəki əməkdaşlığımız bir örnək təşkil edir. Biz parlamentarilər, konkret olaraq, Mədəniyyət komitələri olaraq daha sıx əməkdaşlıq etməklə həm görülmüş işləri dəyərləndirə, uğurları, problemləri üzə çıxara bilər, həm də münasibətlərin qanunvericilik aktları ilə daha da möhkəmlənməsi imkanlarını təsbit etmiş olarıq.
Sizi Özbəkistanın dövlət müstəqilliyinin 30-cu ildönümü münasibəti ilə bir daha təbrik edərkən, bu yubilıey münasibəti ilə qələmə aldığım “Addım-addım Özbəkistan” kitabını Sizə təqdim etməkdən şadam. Azərbaycan mövzularının da özbək yazarları, araşdırmaçıları tərəfindən daim diqqət mərkəzində saxlandığını görmək bizim üçün çox xoşdur. Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ortaq dəyərlərimizin, muğam, aşıq yaradıcılığı, miniatür sənəti və b. mühüm istiqamətlərdə beynəlxalq qurumlar tərəfindən qorumanın təmin edilməsi, onların dünya mədəni irsi üzrə müvafiq siyahılara salınması yönündə örnək təşəbbüsləri və bu təşəbbüslərin real nəticələri olduğunu Siziunlə bölüşməkdən şadam.
Sizə, Sizin şəxsinizdə özbək həmkarlarıma Azərbaycanla qardaşlığa, dostluğa verdiyiniz töhfələrə görə təşəkkür edirəm. Bildirmək istərdim ki, gələn ilin fevralında Xocalı Soyqırımının 30-cu ildönümüdür. Mən Sizə Xocalı Soyqırımı ilə bağlı faktları əhatə edən rəsmi materialları təqdim edir, bu mövzunu öz gündəliyinizdə saxlamağı xahiş edirəm. Dünyanın bir çox ölkəsi, bəzi beynəlxalq qurumlar, parlamentlər, bələdiyyələr Xocalı Soyqırımını tanıyan sənədlər qəbul edib, biz Özbəkistan parlamentindən də belə bir münasibəti arzu edirik.
Sizləri Azərbaycana dəvət edirəm və inanıram ki, ölkəmizlə yaxından tanışlıq sizinçün xoş olacaq və ölkəmizi çox sevəcəksiz”.
Özbəkistan Ali Məclisi senatının sədri Azərbaycanlı həmkarını Özbəkistanda salamlamaqdan məmnun olduğunu bir daha bildirərək, onu 44 günlük müharibədəki tarixi Zəfər münasibəti ilə təbrik edib, qaldırılan mövzulara həssaslıqla yanaşılacağını bildirib.
