“Ermənistan Rusiya sülhməramlılarının Qarabağda daha uzun müddət qalmasının tərəfdarıdır”.
Cia.az xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin bu gün keçirilən brifinqində deyib.
“Ermənistan Qarabağda Rusiya sülhməramlı kontingentinin 2020-ci ilin 9 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddətdən daha artıq qalmasının tərəfdarıdır”, - deyə Qriqoryan bildirib.
Qriqoryanın sözlərinə görə, Qarabağda yaradılan infrastruktur rus hərbçilərin orada daha çox qalacağını güman etməyə əsas verir.
Qeyd edək ki, A.Qriqoryan daha öncə də açıqlamasında bildirmişdi ki, İrəvan Rusiyanın Qarabağda daha uzun müddət qalacağını hesab edir və 9 noyabr bəyanatında nəzərdə tutulan müddətdən daha artıq qalması üçün hər şeyi edəcək: “Əgər Azərbaycan rus sülhməramlıların Qarabağda iştirak müddətinin uzadılmasına razı olmasa, biz güclərimizi birləşdirməyə və problemin həlli yolunu tapmağa cəhd edəcəyik. Lakin Qarabağda baş verənlər, yəni infrastrukturun yaradılması deməyə əsas verir ki, Rusiyanın orada daha çox qalmaq planı var”.
