10 noyabr tarixli Bəyanatın imzalanmasının ildönümünə bir neçə gün qalmış Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarında sərhədlərin müəyyənləşdirilməsinin, bütün kommunikasiyaların blokdan çıxarılmasının və sülh sazişinin imzalanmasının vacibliyi ilə bağlı fikirlər daha geniş yer almaqdadır. Hadislərin gedişatının bu istiqamətdə dəyişməsi və Azərbaycan tərəfinin uzun müddətdir ki, ortaya qoyduğu sülh təşəbbüslərinə uyğun fikirlərin qarşı tərəfdən səsləndirilməsinin səbəbləri hər birimizdə maraq doğurmaqdadır. Əsasən regionda, habelə regionumzla bağlı dünyada baş verən prosesləri və xüsusilə də son hadisələri ciddi şəkildə izləyib təhlil etsək mövcud reallıqlar açıq şəkildə gözümüzün önündə canlanacaqdır.
İlk öncə onu nəzərə alaq ki, Ermənistanla bağlı həlledici qərarların İrəvanda yox, digər paytaxtlarda verildiyi artıq heç kimə sirr deyil. Uzun illər ərzində işğalda saxladıqları Qarabağ və digər ərazilərimizi ordumuz azad etdikdən sonra qarşı tərəfə dair məsələlərlə bağlı qərarları da, Ermənistan dövləti və cəmiyyəti deyil, onların ağaları verir. Təbii ki, Azərbaycanın qələbəsini və Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr tarixli Bəyanatdan sonra sülh sazişinin uzanmasının səbəbi də, daha çox bu amillə bağldır. Ermənistan cəmiyyətinə qalsa, onların mütləq əksəriyyəti bu prosesə münasibətlərini bu ilin 20 iyun tarixində keçirilən erkən parlament seçkilərində açıq şəkildə ortaya qoydular. Erməni seçicisi həmin seçkilərdə kapitulyasiya aktına imza atan məğlub Ali Baş Komandanı Nikol Paşinyana səs verməklə, əslində Azərbaycanla müharibəyə və müharibə tərəfdarları olan Serjik və Robert kimi faşist namizədlərə qarşı olduğunu bəyan etdi.
Bəs Ermənistanın ağaları nə düşünür və onları bu qədər düşünməyə vadar edən amillər hansılardır? Azərbaycanla Ermənistan arasında imzalanacaq böyük sülh sazişinin imzalanması prosesi öncəsi onların seçimi necə oldu? Ermənistan tərəfi başqa seçiminin olmadığını qəbul etməsə də, nəyin müqabilində geri çəkilməyə razılaşmaqdadır? Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyənin bu məsələdə mövqeyi necədir?
İlk öncə onu qeyd edək ki, otuz ilə yaxın aldadılan, barəsində əsassız olaraq yaradılmış və Azərbaycan əsgəri tərəfindən cəmi 44 gündə bütün istiqamətlərdə darmadağın edilən qalib mifi ilə yaşayan cəmiyyəti və dövləti mövcud reallıqlarla tam barışdırmaq müəyyən zaman almalı idi. Artıq bu mərhələ də arxada qaldı və bu illər ərzində Azərbaycan ərazilərini işğal etməklə “Böyük Ermənistan” qurmaq uğrunda həlledici bir addım atdıqları ilə bağlı utopik inanclarının bir gün sabun köpüyü kimi yoxa çıxmasının müqabilində Ermənistana nə isə verilməli idi. Məhz elə buna görə də, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu ilin 16 iyulunda İrəvana səfər etdi və İttifaq tərəfindən Ermənistana 2.6 milyard avroluq yardım ediləcəyini bildirdi. Hər şeydə olduğu kimi siyasətdə də qoca olan “Qoca qitə” əmin idi ki, onilliklərdir yardıma və ianəyə öyrətdikləri Ermənistanı daha böyük tikəlik yardımla istənilən məsələdə razılaşdırmaq olar. Bu yardımın mərhələli şəkildə edilməsi də Ermənistana tam inamın olmaması və bu prosesdə İrəvanın sona qədər öhdəliyini yerinə yetirməsinə məcbur etməyə nail olmaqla bağlı idi. Beləliklə də, Azərbaycan tərəfinin ortaya qoyduğu yeni geosiyası reallıqdan, “Zəngəzur dəhlizi”ndən və onun çox geniş gələcək imkanlarından imtina edə bilməyən Qərb artıq tarixə qovuşdurduğumuz keçmiş münaqişə ilə bağlı etməli olduğu seçimini etdi.
Addım atmaq sırası digər sahib və ağa rolunu oynayan Rusiyada idi. Ancaq Rusiya tərəfi buna qədər də qarşı tərəfin xeyrinə bir sıra addımları artıq atsa da, Ermənistan bununla kifayətlənmirdi. Ermənistanın müharibədə darmadağın edilmiş ordusunun qalıqlarını tam məhv olmaqdan xilas etmək üçün Moskvanın üçtərəfli bəyanatın imzalanması təşəbbüsü və regiona sülhməramlı missiyanı yerləşdirməsi Ermənistanı tam qane etmirdi. Rusiya vədinə əməl edəcəyi hələ ki, sual altında olan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində özünü müdafiə məqsədilə dağılmış ordusunun yenidən qurulmasına yardım edəcəyinə söz verdi. Bununla da, qane olmayan və maddi sıxıntılar içərisində qıvrılan Ermənistanın iqtisadiyyatına Rusiya tərəfindən bir milyard dollarlıq yardımın ediləcəyi ilə bağlı şimal qonşumuzun iqtisadiyyat nazirinin mövqeyi qarşı tərəfi müəyyən qədər sakitləşdirdi. Çünki, bu gün müharibədəki acı məğlubiyyətdən sonra artıq bir ildir ki, siyasi təlatümlərin ağuşunda olan Ermənistana və onu idarə edənlərə vəziyyətdən çıxmaq üçün ciddi maliyyə resursları lazımdır. Bu resurslar xüsusilə də, Baş nazir Paşinyana ölkədə mövcud müxalifətə dirəniş göstərmək və onları zərərsizləşdirmək baxımından hava və su kimi vacibdir. Məhz, bu reallıqları müşahidə edən ağaları Ermənistanı tam şəkildə bu vəziyyətdən çıxmayacaq və müstəqil siyasət yürütməyə cəhd etmək iqtidarına sahib ola bilməyəcək qədər yardım etmək qənaətinə gəldilər. Bununla da, Ermənistanı nəhayət ki, sülh sazişini imzalamağa razı saldıqları müşahidə olunmaqdadır. Ancaq “flüger”dən daha sürətli mövqe dəyişəməyi bacaran Ermənistandan yenə də hər şey gözləmək mümkündür.
Baş verən bu proseslərdə beynəlxalq aləmdə olduğu kimi, regionda da Azərbaycanın ciddi səylərinin və uğurlu siyasətinin nəticəsi olaraq həlledici aktora çevrilən Türkiyənin də mövqeyini unutmaq lazım deyil. Çünki, dünyanı və Ermənistanın ağalarını qarşı tərəfi sülh sazişi imzalamağa təkid etməyə vadar edən həlledici amillərdən biri də, Azərbaycan Türkiyə birliyi amilidir. Təbii ki, mövcud hadisələrə bizimlə “Şuşa bəyannaməsi”ni imzalamaqla ən qəti cavabını verən Türkiyənin də mövqeyi həmişəki kimi bəllidir. Türkiyə bu məsələdə daim Azərbaycanın yanındadır və Azərbaycanla birlikdə onun da yatırımları işğaldan azad edilmiş ərazilərimizin bərpasına və oradakı reinteqrasiya proseslərinə yönələcəkdir.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov
(1).jpg)
