Hər gün müxtəlif operatorlardan mobil telefonlarımıza “Ulduz ovuna çıx, 20 qəpiyə 5000 manat qazan!”, “Sevgi yaz 9095 nömrəsinə göndər və hər günə bir sevgi mesajı bizdən al” və ya “İdealda 50 % endirim, tələsin!”, “Sabina parfümeriyada endirim, 1-ni alana 1-i hədiyyə” və ya ulduz falını öyrən, bu müğənni bu gün nə geyindi, öyrən tipli mesajlar gəlir.
Belə bezdirici mesajlar bəzən vacib görüşlərdə və ya sükan arxasında olduğumuz zamanlarda gəlir ki, bu da insanların diqqətini yayındırır. Bəzən gələn SMS-lərin qarşısını almaq üçün SMS gələn qısa nömrələrə “stop” yazıb göndərsək belə, yenə də bu bezdirici SMS-lərin ardı-arası kəsilmir. Ümumiyyətlə, dünya ölkələri ilə müqayisədə Azərbaycanda mobil və stasionar telefonlardan daha çox istifadə edilir. Hətta mobil telefondan istifadəyə görə azərbaycanlılar Avropada türklərdən sonra 2-ci yeri tuturlar.
Buna görə də digər ölkələrlə müqayisədə lüzumsuz reklam SMS-lərinin Azərbaycanda nəyə gör çox olması başa düşüləndir. Çünki mobil operatorlar öz biznes maraqlarını bu cür - insanları aldatmaqla həyata keçirir.
Əslində isə bu cür bezdirici SMS-lər abunəçinin razılığı ilə olmalıdır. Mobil telefon istifadəçisinə öncə reklam SMS-nin qəbul olunmasına dair bildiriş xəbərdarlığı göndərilməlidir. Əgər istifadəçi həmin bildiriş mesajının mütəmadi gəlməsinə razılıq verərsə, onun telefonuna bu tipli SMS-ləri göndərmək olar. Ancaq təəssüflər olsun ki, Azərbaycanda buna önəm verilmir. SMS marketi ilə məşğul olan provayderlər mobil operatorların xidmətini satırlar.
Bir çox ölkələrdə bu cür SMS-lərin qarşısını almaq üçün sərt tədbirlər həyata keçirilir. Bu günlərdə Türkiyədə vətəndaşlara bu tip reklam xarakterli qısa mesajlar və elektron e-mail məktubların göndərilməsi qadağan edildi. Qadağa qanununa görə, izinsiz olaraq vətəndaşlara reklam tipli SMS yollayan mobil operatorlar və ya reklamçı şirkətlər 1000 lirədən 5000 lirəyə qədər cərimə olunacaq. Abonentin razılığı olmadan göndərilən qısa SMS-reklamların yayımını həyata keçirən şirkətlərin cəzalandırılmasını isə Türkiyə Ticarət Nazirliyi həyata keçirəcək.
Rusiyada da mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil. Rusiyada bu günlərdə qüvvəyə minən “Rabitə haqqında” Qanuna edilmiş dəyişiklik belə tədbirlərin həyata keçirilməsini tələb edir.
Dəyişikliyə görə, reklam SMS-lərini göndərmək üçün operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli SMS-lər göndərərsə, Antiinhisar Xidməti operatorla bağlı ölçü götürəcək.
Azərbaycanda da abonentlərin icazəsi olmadan onlara mesaj göndərilməsi problemi dəfələrlə Milli Məclisdə müzakirə edilsə də, hətta bununla bağlı Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi də bir sıra müzakirələr aparsa da, ortada hələ ki, konkret qadağa yoxdur.
Cia.az
