|
Uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib

Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.

Cia.az xəbər verir ki, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə Psixi Sağlamlıq Gününə həsr olunmuş konfransda təhsil nazirinin müşavirləri Elnur Əliyev və Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə və digər şəxslər iştirak edib. 

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı  təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb. O, həmçinin məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə də toxunub.

Daha sonra çıxış edənlər “Psixi sağlamlıq nədir?”, “Zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirici tədbirlərin təşkilində psixoloqun rolu”, “Uşaq və yeniyetmələrdə yuxu pozuntusu”, “Uşaq və yeniyetmələrdə major depressiv pozuntu və intihar davranışları”, “Yeniyetmələrin cinsi tərbiyəsi”, “Uşaqların fiziki inkişafında psixi sağlamlığın rolu” mövzularında fikirlərini bildiriblər.