|
Qızıl bazarında son durum - satıcı da narazıdır, alıcı da
 

Zərgər: “Hazırda az çəkili, görünüşü çox da cəlbedici olmayan məhsullara tələbat daha çoxdur...”

Zərgərlik məhsullarının istehsalı, alışı və satışı iqtisadiyyatda önəmli çəkiyə malik sahədir. Məlumdur ki, pandemiya bu sahəyə də mənfi təsir göstərib. Zərgər Toğrul Yunusovla həm pandemiyadan öncəki, həm də hazırkı durum haqqında söhbətləşdik.

- Toğrul bəy, pandemiyadan öncəki və indiki dövrü müqayisə etsək, qızıl bazarında durum necədir?                           

- Pandemiyadan öncə qızıl bazarında vəziyyət indikindən yaxşı idi. Qızılın qiyməti dollarla təyin olunduğu üçün təbii olaraq qiymətlərdə artım oldu. Digər bir amil insanların qızıla münasibətinin dəyişməsidir. Hazırda daha az çəkili, görünüşü çox da cəlbedici olmayan məhsullara tələbat çoxdur. Bu, büdcə ilə də bağlı ola bilər. Pandemiya zərgərlərə mənfi təsir etdi. Hətta toyların keçirilməsinə icazə verilməsi də vəziyyətə o qədər təsir etməyib. Görünür, bunun səbəbi aşağı büdcəli məclislərə üstünlük verilməsidir.

- Əhalinin alıcılıq qabiliyyəti necədir?

- Hazırda alıcılıq qabiliyyəti orta zəifdir. Düzdür, toyların bərpa olunması ilə sifarişlərin sayı artdı. Lakin sonra Məhərrəmliklə əlaqədar yenidən durğunluq yaşandı. Qızılın qiymətində keçən il artım oldu. Qramı 10-12 dollar qalxmışdı. Əgər əvvəl qızılın qramı 40-42 dollara satılırdısa, indi 52-55 dollar arasında dəyişir. Təbii ki, bu, valyuta məzənnəsi ilə əlaqədardır. Son aylarda maksimum 1 dollar fərq olur. Köhnə modellər endirimli qiymətlərlə təklif edilir.

Rus və türk qızılı eyni qiymətə satılır-54-56 AZN, italyan qızılının qramı 76 AZN-dir. 996 əyarlı qızılın qramı isə 52-54 dollara təkllif olunur. Brilyantın qiyməti isə keyfiyyətindən - kömürlü, duzlu, parlaq olmasından və ölçüsündən asılıdır. Konkret qiymət yoxdur. Bəzi zərgərlik dükanları köhnə model məmulatları endirimli qiymətlərlə təklif edirlər. Dəstlərin qiymətləri 1200 AZN-dən başlayır, 20-25 min manata qədər artır. Brilyantın olub-olmaması, ölçüsü, qızılın əyarı nəzərə alınır.

- Yəqin razılaşarsınız ki, əvvəlki illərdə müştərilər istədiyi modeldə qızıl məmulatı sifariş etməyə üstünlük verirdi. Bəs indi necə, hazır məmulata üstünlük verilir, ya sifarişə?

- Bəzi müştərilər hazır məhsul almağa üstünlük vermir. Əksinə, öz istədiyi modeldə zərgərlik işi sifariş edir. Sizinlə razıyam. Əvvəllər sifariş edənlər daha çox idi. Hazırda isə müştərilər hazır məmulat almağa üstünlük verirlər. Hesab edirəm ki, sifarişli məhsul daha sərfəlidir.

- Qızılların keyfiyyəti barədə də məlumat versəniz, yaxşı olar. Bəzi hallarda müştərilər qızılın keyfiyyətindən narazı olurlar. Bu nə ilə əlaqədardır?

- Daha az çəkili, belə deyək, türk qızılından hazırlanan yüngül modellərin qırılma ehtimalı yüksəkdir. Adətən dəstlərin çəkisi 25-28 qram olur, lakin hazırda ümumi çəkisi 9-10 qram olan dəstlər satılır. Dəstə boyunbağı, kulon, üzük, qolbaq, sırğalar daxildir. Təsəvvür edirsiniz? Bütün bu məmulatların çəkisi cəmi 9 qramdır. Bir çox hallarda az çəkili məhsulu təmir etmək mümkün olmur.  Müştəri hesab edir ki, bu, qızılın keyfiyyəti ilə bağlıdır, buna görə bəzən narazılıqlar olur. Lakin gerçəklik budur ki, bazar şərtlərini nəzərə alaraq, Azərbaycana daha çox nazik qızıllar gətirilir. Bu da tələbatla bağlı məsələdir.