|
Prezidentdən Azərbaycana təzyiq etmək istəyənlərə sərt cavab - kimləri nəzərdə tuturdu...

Azərbaycan Prezidenti İlham Əliyev İrana növbəti dəfə kəskin və net cavab verdi. Dövlət başçısı Füzulidə çıxışı zamanı bunları deyib: “Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı. Çünki heç kim bizim iradəmizi əyə bilməz. Biz qeyri-bərabər savaşa, qeyri-bərabər mübarizəyə hər an hazırıq, ölümə getməyə hazırıq, amma öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin”.

Prezident ölkəsinin kimsədən, heç bir hegemon dövlətdən qorxmadığını açıqca söyləyib. Deyib ki, xalq bu torpağa, Vətənə o qədər bağlıdır ki, hətta hərbi gücü dəfələrlə yüksək olan istənilən dövlət Azərbaycana qalib gələ bilməz. Prezident öz xalqını son 1 ildə elə gözəl tanıtdı ki... Azərbaycanlılar bəlkə də tarixdə görülməmiş bir sevgi ilə, fədakarlıq, eşqlə Vətəni işğaldan azad etdi, düşmənə qarşı birləşdi.

Azərbaycan Prezidentinin bu dediklərindən sonra hər kəs İrana mesaj ünvanladığını düşünsə də, bir sual da meydana çıxıb: dövlət başçısının bu sözləri Rusiyaya da aiddirmi?

Siyasi şərhçi Azər Hüseynov sualımıza bu cür cavab verdi: “İlham Əliyevin bu şəkildə danışması xarici təzyiqlərin varlığından xəbər verir. Bir tərəfdə də ikili oynayan Rusiya faktoru var. Həm bilir ki, Zəngəzur onun üçün nəfəs və qida borusudur. Paşinyanın da bunlardan xoşu gəlmir. Ona görə Azərbaycanla münasibətləri düz qurmalı, Osmanlı ruhunun Qafqazda dolaşması ilə razılaşmalıdır. Digər tərəfdən, Cənubi Qafqazda inhisarı itirməkdən həzz ala bilmir. İran bir tərəfdən bizi təbrik edir, digər tərəfdən Azərbaycanın bütün sərhədini nəzarətə götürməsini həzm edə bilmir. İsrail amilini ortaya atır.

azer huseynov.jpg (95 KB)

Azər Hüseynov: “İran bir tərəfdən bizi təbrik edir, digər tərəfdən isə...”

Özü də Ermənistanla yaxınlaşır. Bizim bir yolumuz var. O da yeni inteqrasiya birliyi olan Türk-Müsəlman inteqrasiya formatıdır, Türkiyə və Pakistanla birgə. Prezidentin isə İrana da, Rusiyaya da mesaj verdiyini düşünürəm. Həm də düşünürəm ki, bu mesajdan daxili iqtisadi siyasi prosesləri tənzim edən icra orqanları da nəsibini almalıdır. Arxa cəbhədə xalqın fədakarlığı sosial rifahın artımı ilə güclənməlidir”.

Elxan Şahinoğlu: “Sərəncam sosial sahədə atılan inqilabi Sərəncamdır”

Elxan Şahinoğlu: “İran qədər Rusiya bizi hədələmir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu burada daha çox İranın nəzərdə tutulduğunu düşünür: “Mənə elə gəlir ki, Prezidentin bu sözləri daha çox İrana aiddir. Çünki bizim cənub qonşumuzla bağlı problemlərimiz günbəgün artmaqdadır. Doğrudur, Kremllə münasibətlərdə də müəyyən dərəcədə suallar var. Amma hər halda, İran qədər Rusiya bizi hədələmir. Bu baxımdan düşünürəm ki, Prezident daha çox İranı nəzərdə tutur. Hansı ki, İran özünü böyük dövlət sayır, lakin biz böyük dövlətlə də savaşmağa hazırıq. Təbii ki, bizə qarşı təhlükə yaranarsa”.

Akif Nağı — Vikipediya

Akif Nağı: “Prezident Azərbaycanın bu gün malik olduğu gücə uyğun açıqlama verir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının mövqeyi tam fərqlidir: “Prezident Azərbaycanın bu gün malik olduğu gücə uyğun açıqlama verir. Belə də olmalıdır. Uzun müddət İranla münasibətləri saxlamağa çalışdı, amma görünür ki, qonşu ölkə bu yanaşmanı düzgün qiymətləndirmədi, Azərbaycana qarşı güc mövqeyindən çıxış etmək istəyinə düşdü. Ona görə də cavablarını aldılar və başa düşdülər ki, bizimlə güc, hədə mövqeyindən danışmaq olmaz. Tehran Rusiyadan dəstək almağa cəhd göstərdi, amma xoşagəlməz vəziyyətə düşdü, Kreml Azərbaycanla qarşıdurmadan çəkindi. Prezident İlham Əliyevin son açıqlaması İrandan daha çox Rusiyaya aiddir. Rusiyaya qarşı bu açıqlama təsadüfi deyil, Putin Qarabağın bir hissəsində qondarma ”rejimi" şirma kimi istifadə etməklə möhkəmlənmək istəyir, eyni zamanda 10 noyabr razılaşmasına əməl etmir. Kreml bununla Azərbaycana öz hikkəsini diktə etmək niyyətindədir. Bunu Azərbaycan rəhbərliyi başa düşür və bu açıqlama ilə Rusiyaya yanlış mövqedə olduğunu anlatmağa çalışır. Başqa çıxış yolu da yoxdur, Azərbaycan yenə də gücə söykənərək qələbəsini yekunlaşdırmalı, Xankəndi, Ağdərə, Xocalı və hələlik Rusiyanın nəzarətində olan digər ərazilərində hakimiyyətini bərqərar etməlidir. Prezident bu sözləri deyərkən, dövlətimizin, Ordumuzun gücünə, xalqımızın iradəsinə arxalanır. Rusiya bu amillə hesablaşmaq zorundadır. Yaxın bir il ərzində Rusiya qərarını verməlidir, Qarabağda həyata keçirmək istədiyi məkrli planlardan imtina etməlidir. Əks halda, heç kəsə, hətta “super dövlət”ə də güzəştə getmək istəyən “dəmir yumruğu” öz başında hiss edəcəkdir".