|
“İsmayılov Monteneqrodan siyasi sığınacaq əldə etməyə çalışacaq”

“Monteneqroda Rusiyanın tələbi ilə saxlanılan, qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov bu ölkədən siyasi sığınacaq əldə etməyə çalışacaq”.

Cia.az xəbər verir ki, bunu azərbaycanlı milyarderin vəkili Marina Rusakova deyib.

Onun sözlərinə görə, Telman İsmayılov ona qarşı irəli sürülən ittihamların heç biri üzrə özünü günahkar hesab etmir. 

 

M.Rusakova həmçinin qeyd edib ki, Rusiyanın Baş Prokurorluğu tərəfindən Telman İsmayılovun ekstradisiya eidlməsi ilə bağlı sorğu çoxdan göndərilib. O bildirib ki, Telman İsmayılov saxlanıldığı an onun əlində siyasi sığınacaq üçün müraciət etdiyinə dair sənəd olub və bu səbəbdən də onun saxlanılması qanunsuzdur: “Ekstradisiya məsələsi sözügedən faktın yoxlanılmasından sonra həll olunacaq”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Telman İsmayılov oktyabrın 1-i Monteneqroda saxlanılıb. O, bunun ardınca oktyabrın 2-si 2 ay müddətinə azadlıqdan məhrum edilib.Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.