Bu qanun layihəsi siyasi-tarixi, gələcək nəsillərə faydası baxımından olduqca vacibdir”.
Cia.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Musa Qasımlı “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, 28 mayın Müstəqillik günü, 18 oktyabrın Müstəqilliyin bərpası kimi qiymətləndirilməsi tariximizin doğru şəkildə təqdim edilməsidir: “İstiqlal bəyannaməsi təkcə müstəqilliklə əlaqəli deyildi, eyni zamanda cümhuriyyət qurulucağı elan olunurdu. Bu addım Şərqdə ilk müstəqilliyə və müstəmləkəçilikdən xilas yollarına gətirdi. 1920-ci ilin aprelində Azərbaycan işğal edildikdən sonra SSRİ yaradıldı. Adımız müstəqil olsa da, Azərbaycan müstəqil deyildi. Bu mənada 28 mayın müstəqillik günü adlandırılması doğrudur.
18 oktyabrda dövlət müstəqilliyinin bərpası günüdür. Bunu 18 oktyabrda qəbul edilən müstəqillik aktı haqqında konstitusiya qanunu göstərir. Həmin sənəd də 28 mayda elan olunan müstəqil Azərbaycanın varisi olduğu ifadə edilib. Bu mənada 18 oktyabr müstəqilliyin bərpası günü kimi qiymətləndirilməlidir”.
Deputat qeyd edib ki, qanunun tarixi əhəmiyyəti var: “Bu bizim tariximizdə milli dövlətçilik baxımından vacibdir, tarixdə varisliyi əks etdirir. Bu məktəbə gedən şagirddən böyüyə qədər hamıya müstəqil dövlətçilik, dövlət millətçiliyi və vətənpərvərliyi aşılayan qanundur. Məktəbə gedən uşaqlar biz nə zaman dövlət milləti olmuşuq, bunu nə zaman itirmişik, nə zaman bərpa etdiyimizi biləcək. Odur ki, bunun tarixi əhəmiyyəti böyükdür”.
