|
Novella Cəfəroğlu:

11 Oktyabr Beynəlxalq Qız Günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, Azərbaycanda cəmiyyətində hökm sürən bir sıra stereotiplər bəzən qızları ailədə arzuolunmaz edir. Son zamanlar günümüzü qadınlara olan şiddət xəbərləri ilə açırıq. Qadınlara, qızlara olan zorakıllıq gündən-günə artmaqdadır. Bunlar hamısı qız övladını istəməyən valideynlərdən qaynaqlanır. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Cia.az-a açıqlamasında deyib ki, qadının dünyaya insan gətirməsi müqəddəs nemətdir:

"Bütün baş verənlərə baxmayaraq, bizim qadın və qızlarımız çox güclüdürlər. Müharibə də bunu bir daha göstərdi. O əsgərlər bilməsəydilər ki, evdə onları güclü anaları, xanımları, qızları gözləyir, onlar vətəni qorumağa elə ürəklə getməzdilər. Onlar qızları, anaları üçün getdilər. Vətənə niyə ana deyirlər? Bu böyük, müqəddəs addır. Tanrı insanı yaradıb, bir də qadın dünyaya insan gətirir. Görün nə qədər ülvi bir məsələdir. Qadın dünyaya insan gətirir. Bu, böyük bir nemətdir".

Hüquq müdafiəçisinin sözlərinə görə, qadınlar özlərinə güvənli olmağı bacarmalıdırlar:

"Qadınlarımız, qızlarımız bir balaca özlərinə güvəni artırsınlar. Təhsil alsınlar, baxmasınlar ki, ana-ata məktəbə getməyə qoymur. Getsinlər, oxusunlar. Özlərini güvənli hesab etsinlər. Belə hesab edən də bir adam, kişi, qohum-əqraba ona dəyə bilməz. O güvənliliyi qazanmasalar, onlara qarşı nə istəsəz olacaq.

Qadınlar, qızlar özlərini güclü hesab etsinlər. Bir xanım ki ərinin tabutunun altına girir, onu məzara aparır. O qadına bir adam söz dey bilməz.

O qadından güc alsınlar. O anadan güc alsınlar. Elə mətanətli olsunlar. Belə bir qadın olsunlar. Onda onlara heç bir kəs nə əl qaldıra, nə də ona qarşı zülm edə bilər. Hər şey özümüzdən asılıdır. Qadınlar güvənli olmağı bacarmalıdırlar. Özlərinə, öz güclərinə, savadlarına güvənli olsunlar. Budur tövsiyəm".

Nəzrin Vahid

Novella Cəfəroğlu: “Qadınlar özlərinə güvənli olmağı bacarmalıdırlar“