|
““3+3” formatı çərçivəsində işləmək bizə asan olmayacaq”

““3+3” formatı çərçivəsində işləmək Gürcüstan üçün asan olmayacaq, lakin ölkə nəhəng geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”.

Cia.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Gürcüstanın İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

 

“Rusiya qoşunlarının Abxaziya və Sxinvali bölgəsindən (Cənubi Osetiya - red.) çıxarılması məsələsi ilə bağlı irəliləyişin olmaması Tbilisinin tam iştirakına maneə rolunu oynayır. Buna baxmayaraq, Gürcüstan regional proseslərdən geri qalmamalıdır və infrastruktur da daxil olmaqla yeni layihələrdə iştirak vacibdir. Əks halda, bu layihələr ölkədən yan keçə bilər”, - deyə D. Zalkaliani deyib.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, tərəflər Ermənistan, Azərbaycan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakı ilə “3+3” formatının yaradılması imkanlarını müzakirə ediblər. Lavrov qeyd edib ki, İran, Türkiyə və Azərbaycan sözügedən təşəbbüsə müsbət yanaşmaya sahibdirlər. Ermənistan tərəfi ilə isə danışıqlar hələ davam edir.