|
“Bu cür möhtəşəm tədbiri kitab bayramı da adlandırmaq olar”

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb. Oktyabrın 10-na qədər keçiriləcək Sərgi Prezidentin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq Sərəncamına əsasən, Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Cia.az xəbər verir ki, sərgidə elmlər doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu kitablar da təqdim olunur. Professor sərgi ilə bağlı təəssüratlarını bölüşüb:

“Kitab Sərgi-Yarmarkasının təşkili Azərbaycanda elmə, incəsənətə, ədəbiyyata dövlət qayğısı siyasətinin mühüm tərkib hissəsi olmaqla, cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını təşviq etmək məqsədi daşıyır. COVID-19 pandemiyasının bir çox sahələr kimi elmi-bədii tədbirlərin geniş təşkilini məhdudlaşdırdığını nəzərə alsaq, yenidən bu cür Sərgilərin keçirilməsini yaradıcılıq sənayelərinin dəstəklənməsində dövlətimizin xüsusi təşəbbüskarlığı alqışlanmalıdır.

 

Bu cür möhtəşəm tədbiri həm də Kitab bayramı da adlandırmaq olar. Çünki Sərgi-Yarmarkada stendləri bəzəyən bir-birindən maraqlı və oxunaqlı olan müxtəlif nəşriyyat və nəşr evlərinin təqdim etdikləri kitablar cəmiyyətdə mütaliə mədəniyyətinin aşılanmasına və kitaba dərin bağlantıya səbəb olur. Tədbir çərçivəsində keçirilən kitab təqdimatları, müəlliflərlə canlı görüşlər, işgüzar toplantılar və müzakirələr Sərginin əhəmiyyətini daha da artırır. Türkiyə, Pakistan, Rusiya, İran və digər xarici ölkələrin tanınmış naşirlərinin kitablarının Sərgidə nümayiş etdirilməsi yarmarkanın kitab fondunun zənginliyini artırır, oxucuların son illərdə dünya miqyasında baş verən ictimai-siyasi, sosial, iqtisadi, humanitar, elmi-mədəni proseslərə özünəməxsus baxış tərzi olan yaradıcı müəlliflərin analitik, bədii əsərləri ilə öz dünyagörüşlərini artırmaq üçün fürsət qazanmış olurlar. Eyni zamanda, bir sıra xarici ölkələrin kitab və yaradıcılıq işi sahəsində çalışan qonaqlarının yarmarkada iştirakı və müxtəlif canlı bağlantılar qurması tədbirə əlavə rəngarənglik verir.

Hörmətli oxucular, mənim üçün qürurverici haldır ki, VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı müxtəlif stendlərdə müəllifi olduğum kitablar cəmiyyətə təqdim olunur. Bir neçə stenddə yerləşdirilmiş “Planetar təfəkkürlü lider”, “Sülh və sabitlik Prezidenti”, Azərbaycanın Mehriban siması”, “Humanizmin Azərbaycan simvolu” adlı kitablarımla oxucuların tanış olmaq imkanları var.

Onu qeyd etməyi zəruri hesab edirəm ki, qələmə aldığım kitablarda Heydər Əliyev siyasətinin möhtəşəm uğurları, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi qətiyyətli və mühüm islahatların müsbət nəticələri, bu siyasətin dövlətimizin inkişafına və vətəndaşlarımızın layiqli həyatının təmin edilməsinə verdiyi misilsiz töhfələr elmi-ictimai-siyasi prizmadan təhlil edilmiş, dərin faktlarla öz analitik təcəssümünü tapıb. Geniş təqdimat mərasimləri keçirilmiş həmin kitablar ictimai-siyasi dairələrin, çoxminli oxucu kütləsinin dərin marağına səbəb olub, böyük rəğbətini qazanıb.

Hesab edirəm ki, Sərgidə diqqəti cəlb edən bu kitabların təqdim olunması Heydər Əliyev siyasətinin təşviqi və təbliği istiqamətində fəaliyyətimə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla həyata keçirdiyi möhtəşəm dövlət siyasətindəki xidmətlərimə və bu siyasəti əks etdirən elmi-siyasi əsərlərimə verilən sanballı qiymətin nəticəsidir.

Hazırda böyük oxucu auditoriyası yeni fürsət olan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında bu cür sanballı əsərlərin yer alması kitablarla indiyədək tanış ola bilməyənlər üçün əlavə mütaliə imkanların yaradılması deməkdir və dövlətimizin kitab mədəniyyətinə xüsusi qayğısı sayəsində müəllif-oxucu təmaslarının yaradılması baxımından həqiqətən cəmiyyət üçün faydalı hesab edilə bilər”.