|
YAP Yasamal rayon təşkilatında

YAP Yasamal rayon təşkilatında İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri, qazilər və tələbələrin iştirakı ilə tədbir baş tutub. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Cəbrayıl şəhərinin düşmən tapdağından azad olunmasının ildönümü münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfərindən söz açıb. O bildirib ki, Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, onlarda olan vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi: "Xalq olaraq bir yumruq ətrafında birləşməyi bacardıq. Bu birlik və möhkəmlik Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı. Çox təəssüf ki, müharibə şəhidsiz olmur. Bu gün şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına bayrağımız işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Biz şəhid ailələrinin qarşısında baş əyir, onların yetişdirdikləri övladları ilə bütün Azərbaycan xalqının fəxr etdiyini deyirik".

Sonra çıxış edən şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağır Hüseynzadə üzünü tədbirdə iştirak edən tələbələrə tutaraq, bugünkü gənclərin vətənpərvər ruhda yetişməsini, onlara təhsilini mükəmməl şəkildə alaraq gələcəkdə ölkəmizin inkişafı üçün xidmət etməyin vacibliyini vurğulayıb. Təhsilli gənclik dövlətimizi inkişafa aparan əsas qüvvədir. Bu qüvvə sağlam, vətənpərvər və xalqına bağlı gənclərdən ibarət olmalıdır.

Görüşdə iştirak edən şəhid Elvin Salahovun atası Sabir Salahov şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan söz açaraq qeyd edib ki, Elvin uşaq yaxşlarından orduya maraq göstərib. Bu maraq onu Azərbaycan ordusunun bölməsi xüsusi təyinatlılarda yer almasına gətirib çıxarıb. Elvinin vətənə olan sevgisi, düşmənə qarşı nifrəti onu şəhidlik kimi müqəddəs bir zirvəyə yüksəltdi. Elvinlə çiyin-çiyinə vuruşan döyüş yoldaşları onun hər zaman öndə gedərək, vətənimizin işğal altında olan torpaqlarımızın azad olunmasında böyük şücaət göstərdiyini söyləyiblər. Sabir Salahov bu gün şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizə, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Qazi Hüseyn Qurbanov öz növbəsində keçdiyi döyüş yolundan fəxr və iftixarla danışaraq öz təşəkkürünü bildirib.

Sonra Vətən müharibəsi iştirakçısı Elnur Soltanov çıxışında Vətənimiz uğrunda keçdiyi döyüş yolundan fəxrlə danışıb.

Tədbirin bədii hissəsində Bakı Dövlət Universitetinin filologiya fakültəsinin II kurs tələbəsi Cahan Salmanova "Şəhidlər haqqında" şeirini ifa edib.

Tədbirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kurs magistr tələbəsi Yusif Cəfərbəylinin ifasında "Xudayar təsnifi" ilə yekun vurulub.