Qaradağ rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə videokonfrans keçirilib.
Cia.az xəbər verir ki, konfransda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, səlahiyyətli şəxslər, rayon təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulayıb.
Qeyd olunub ki, bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 21 şagird 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olub.
Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda uğurları olan məktəblilərin də adı qeyd edilib.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlət başçısına dərin minnətdarlığını bildirən S.Mikayılov məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini xüsusi qeyd edib.
Təhsildə fərqlənən bir qrup qabaqcıl direktor və müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə mükafatlandırılıb.
