Müəllimlik şərəfli peşədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır.
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram” söyləmişdir, ümummilli lider Heydər Əliyev.
Bu gün Beynəlxalq müəllimlər günüdür. Dünyada 1966-cı ildən qeyd olunan müəllimlər günü ölkəmizdə 1993-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən rəsmiləşdirilib.
Lakin şərəfli müəllim adına ləkə olanlar da az deyil cəmiyyətimizdə. Təhsil nazirliyinin göstərişinə əsasən, məktəblərdə pul yığmaq qadağandır. Anca acı reallıqdır ki, müəllimlər könüllü və ya məcburi şəkildə pul yığırlar.
Dünyanın digər ölkələrində sevincli gün kimi qeyd olunan müəllimlər günü ölkəmizdə qara bayrama çevrilir. Valideynlərin ən qayğılı təqviminə çevrilən 5 oktyabr özü ilə birlikdə müəllimi necə razı salacam? Suallarını yaradır. Evində 2,3 uşağı məktəbə gedən ailələrin vəziyyəti bir qədər də qəlizləşir. Ən şərəfli peşənin daşıyıcıları valideynə rüsum qoyurlar. 20, 30 manatla razılaşmayan şərəfli müəllimlər “mənə yaspulumu verirsiz” deyirlər. Şərəfli insana adınalayiq zərfdə şax əllilik qoyasan ki, müəllim də şagirddən razı qalsın. Bəli, bunlar reallıqdır. Şəhərin əksər məktəblərində müəllimlər 5 oktyabra hazırlıq prosesi keçirilər. Əvvəldən özlərinə yaxın bir neçə valideynə söz atırlar ki, valideynlər içində söz atın ki, ərzaq, çörək bahalaşıb. Müəllimin bayram pulu da qalxmalıdır.
Müəllimlər məktəbdə pul yığmaqlarının əsl səbəbini də maaşın azlığı ilə əlaqələndirirlər.
Təsəvvür edin, bir evde 3 uşaq məktəbə gedir. Sosial vəziyyəti aşağı olan ailənin uşağıdır. Yazıq valideyn uşağın boğazından artırıb 1 il pul yığır ki, 5 oktyabrda övladının müəllimlərini razı salsın. Əgər uşağın boğazından kəsib müəllimə şirinlik etməsə, müəllim uşağı gözdən salacaq. Yaxşı hörmət edən valideynin övladına yaxşı davranıb, suallarına canla-başla cavab verəcək. Hörmət etməyən və yaxud, özlərinin adlandırdığı kimi yaspulu qoyan valideynlərin uşaqları ilə yası düşmüş insan kimi əhval-ruhiyyəsiz danışacaqlar. Uşağın əyin-başı köhnə, ayaqqabısı cırıq, dərsə davamiyəti pis ola bilər, təki müəllimini razı sala bilsin. Müəllimin hörməti yaxşı olduqda digər çatışmamazlıqlar da aradan qalxır.
Cəmiyyətimizdə şərəfli peşənin layiqli daşıyıcıları, vicdanlı müəllimlər də az deyil. 5 oktyabr müəllim adını şərəflə daşıyanların bayramıdır. Gözü valideynin əlində yox, fikri şagirdinin dilində olan , əziz müəllimlər
bayramınız mübarək! Sizin əsl bayramınız yetişdirdiyiniz şagirdin gələcəyində, əxlaqında, dünyagörüşündə, intellektindədir. Digər dırnaqarası müəllimlərə isə böyük yaradandan vicdan arzulayaq ki, təhsili cəmiyyətə əlçatmaz edib, elmə ikrah yaratmasınlar.
Cia.az
