Bakıda idmançıların klubunu gecə ilə uçuran tikinti şirkətinə qarşı cinayət işi açılıb. Tikinti isə dayandırılıb.
Cia.az xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb.
Bu barədə "Lider" idman klubunun rəhbəri İlham Sərdarov məlumat verib.
Məlumata görə Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi açılıb.
Həmçinin rəsmi qurumlar tərəfindən şirkətin sökülən “Lider” idman klubunun yerində inşa etdiyi binanda isə işlər dayandırılıb.
Qeyd edək ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb.
İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir.
Bu azmış kimi, şirkət ondan şikayətçi olub.
Belə ki, şirkət rəsmiləri həm "Musavat TV"yə, həm də digər yerli mediaya müsahibələrində klubun sökülməsinin tikinti qəzası olduğunu demişdilər. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.
Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib.
Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) iddia ərizəsində göstərir ki, idman klubunu İlham Sərdarov özü söküb. Əlavə olaraq şirkət İlham Sərdarovdan 1 milyon manat da təzminat istəyir. Bunu da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib.
Bundan sonra İlham Rəhimov Xətai Rayon Məhkəməsinə qarşılıqlı iddia təqdim edib. İlham Sərdarov iddia ərizəsində göstərir ki, sökülən qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur.
Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı. Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.
“Olympus Park” tikinti şirkətinin adı daha əvvəl də bu cür problemlərdə hallanıb. Vətəndaşın razılığı olmadan evlər sökülüb, kompensasiya ilə razılaşmayan vətəndaşlarla problemlər yaşanıb.
Şirkət isə vətəndaşların evinin, əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edir.
