|
Meyvələr yetişmədən, yarpaqlar yaşıl olaraq quruyur: təbiətdə nə baş verir?

Bioloq: “Təbiətdə ağacların qış yuxusuna getməsi dövrü qısalıb, ancaq proseslərdən narahat olmaq lazım deyil...”

Yay bitdi, amma insanlar meyvələrdən doyunca yemədiklərindən şikayətçidir. Bağçılıqla məşğul olanlar isə bildirirlər ki, bu il əncir ağacları bar versə də, meyvələr quruyub. Görəsən, bu, təbiətdə baş verən dəyişikliklər, qlobal istilərlə bağlıdırmı?

Yeri gəlmişkən, alimlər ABŞ-da qəribə hadisəni aşkarlayıblar. Belə ki, ağacların yarpaqları payızın sonunda saralmağa başlayır və ya ümumiyyətlə yaşıl vəziyyətdə quruyur və güclü külək qoparana qədər ağacdan düşmür. “Associated Press” agentliyi yazır ki, alimlərin fikrincə, bunun səbəbi qlobal istiləşmədədir. Mütəxəssislər qeyd edir ki, ildən-ilə vəziyyət daha da pisləşir, xüsusən də ABŞ-ın şimal-şərqində. Adətən sentyabrın sonuna qədər bitkilər rəngini dəyişirdi, lakin bu il yarpaqlar yaşıl qalıb. Yarpaqlar yüksək temperatur ucbatından tökülmədən sentyabrın sonunda quruyur.

Bitkilərin rəng dəyişikliyinə məhz hava təsir edir. Payızın gəlişi ilə günlər qısalır və temperatur aşağı düşür, havalar soyuyur. Hava tədricən soyuduqca, yarpaqlarda olan və yaşıllığı təmin edən xlorofil parçalanır və yarpaqlar sarı, narıncı və ya qırmızıya çevrilir. Lakin havanın temperaturu 43 dərəcəyə çatanda bu yarpaqların Günəşdən yanmasına gətirir. Alimlərin fikrincə, iqlim dəyişikliyi nəticəsində ağaclardakı xəstəliklərin sayı da artacaq və zərərvericilər bitkiyə daha çox ziyan vuracaq.

Görəsən, bizdə yaranan bu vəziyyət də qlobal istiləşmə ilə əlaqədardırmı?

 

Rauf Sultanov

Cia.az-a bununla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin professoru, biologiya elmləri doktoru Rauf Sultanov danışıb: “Dünya miqyasında, təbiətin özündə müəyyən dəyişikliklər baş verir. Təbiətdəki müəyyən anomal proseslər bitkilərə də böyük təsir göstərir. Hər ağac bitkisi müxtəlif fəsillərdə yazda, yayda, payızda, qışda onların həyat tərzi bir-birindən köklü surətdə fərqlənir. Mən özüm şimal bölgəsindənəm. Məktəbə gedəndə 5-6 ay qış fəsli olardı, bütün qış yerdə qar örtüyü olardı. İndi Qubada il boyu bir ya iki dəfə qar yağır, tez bir zamanda da əriyir. 50-60 ildə Azərbaycanın təbiətində böyük dəyişikliklər olub. Bunlar hamısı bitkilərə, heyvanlara, insanların özünə də böyük təsir göstərir. Yarpaqların saralmaması, yaşıl qalması da bu proseslərlə əlaqədardır. Əslində ağaclar qış yuxusuna getməlidir, təbiətdə bu prosesə  geopauza deyilir. Bitkilər qış yuxusuna getməlidir ki, yazda daha yaxşı inkişaf etsin. Yarpaqların uzun müddət yaşıl qalmasının səbəbi də odur ki, ağacların geopauzası - qış yuxusuna getməsi dövrü təbiətdə qısalıb. Ağacların suya olan tələbat faizi çoxlu yağış yağdığında ağacda qidalanma prosesi gedir. Forosintez prosesi gedəndə üzvi maddələr əmələ gəlir. Üzvi maddələr yarpaqdan kökə, kökdən isə suyu mineral vasitələrlə yarpağa doğru aparır və maddələr mübadiləsi başlayır. Ağaclar qış yuxusuna gedəndə onlarda maddələr mübadiləsi 10-15 qat azalır. Fotosintez prosesi zamanı isə yarpaq saralır. Fikir verirsinizmi, İngiltərədə bütün insanlar evdən çətirlə çıxırlar. Çünki hava dəyişkəndir. Isti hava olan zaman birdən-birə yağış yağmağa başlayır. Çünki İngiltərə ada ölkəsidir, dörd tərəfdən su buxarlanır. Buxarlanan həmin su yerə düşməlidir. Buna görə də orada daim yaşıllıqlar olur. İngiltərədə daim yaşıl otlar olduğu üçün qoyunçuluq da orada güclü inkişaf edib. Bizdə indi baş verənlər İngiltərədə çoxdan qanunauyğun bir proses kimi qəbul edilib”.

Professor əlavə edib ki, ağacların geopauzası - qış yuxusuna getmə prosesi nə qədər çox olarsa, onların məhsuldarlığı o qədər yüksək olur: “Bizdə Lənkəran zonası subtropik zonadır. Burada yağan yağışın miqdarı buxarlanan suyun miqdarından çoxdur. Ona görə də orada torpağı sulamaq o qədər də vacib deyil. Çünki torpağın özünün su ehtiyatı çoxdur. Orada həm torpaq münbit olur, həm də istədiyin məhsulu yetişdirə bilərsən. Torpaqlar özü də 4-5 növdədir. Hər bir növün özü yağan yağışa qarşı - su ehtiyatının toplanması, bioloji xüsusiyyətləti bir-birindən fərqlənir. Ona görə də belə hallar baş verir.  Yadıma gəlir ki, biz uşaq ikən Bakıya gələndə burada ağac yox idi. Bakı çox isti, küləkli idi. Tozun çoxluğundan gəzmək mümkün deyildi. Görürsünüzmü, Bakı necə dəyişib. Təbiət də, insanlar da, ağaclar da dəyişib. Ona görə bu proseslərdən narahat olmaq lazım deyil”.