Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyəti bərpa edilir.
Bunu nəzərə alaraq, Cia.az 19 aydan sonra qapılarını tamaşaçıların üzünə açacaq mədəniyyət ocaqlarında gedən hazırlıq prosesi və ilk tamaşaçaların keçiriləcək tarixləri ilə maraqlanıb.

Pandemiyadan sonrakı dövrdə ilk tamaşa Azərbaycan Dövlət Kukla Teatrında nümayiş olunacaq. Teatrın mətbuat katibi Həmidə Rüstəmovanın sözlərinə görə, mədəniyyət ocağı oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq:
“Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək”.

Bir gün sonra isə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı mövsümə başlayacaq. Teatrın direktor müavini İlham Məmmədov bildirib ki, oktyabrın 2-də N. V. Qoqolun eyniadlı komediyası əsasında səhnəyə qoyulmuş “Evlilik” (“Женитьба”) tamaşası göstəriləcək.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk tamaşalar oktyabrın 9-da baş tutacaq. Teatrın mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, onlar digər mədəniyyət ocaqlarından fərqli olaraq, pandemiya dövründə iki tamaşa nümayiş etdiriblər:
“Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 21-də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası, sentyabrın 24-də isə Cüzeppe Verdinin “Traviata” operası nümayiş olunub. Oktyabrın 9-da isə Aleksandr Borodinin “Qıpçaq rəqsləri” baleti və Nikolay Rimski-Korsakovun “Şəhrizad” baleti oynanılacaq”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə oktyabrın 15-də tamaşaçılarının görüşünə gələcək. Teatrın mətbuat katibi Pərvanə Nurəliyeva deyib ki, həmin gün saat 14:00-da Abdulla Şaiqin “Tıq-tıq xanım”, saat 19:00-da isə İlgiz Zəyniyevin “Varislər” tamaşası nümayiş olunacaq. Sözçü əlavə edib ki, mədəniyyət ocağının böyük zalının təmirdə olması səbəbindən tamaşalar Azərbaycan Dövlət Mahnı Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının səhnələrində təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaların göstərilməsi oktyabrın 15-dən sonraya planlaşdırılır. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirib ki, həmin tarixə qədər tamaşalar yenidən məşq ediləcək:
“Karantindən əvvəl “Filumena Marturano” tamaşamız yarımçıq qalmışdı. Tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanıb. Biz premyeranı keçirməyi düşünürdük, təəssüf ki, mümkün olmadı. İlk işlərdən biri həmin tamaşanın yenidən məşqlərinin başlaması və premyerasının olmasıdır”.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında oktyabrın 1-dən sonra tamaşalar üzərində məşqlərə və bərpa işlərinə başlanılacaq. Teatrın mətbuat katibi Fəridə Rüstəmovanın sözlərinə görə, bütün bu proseslərdən sonra nümayişi nəzərdə tutulan tamaşalar haqqında teatrsevərlərə ətraflı məlumat veriləcək.
.jpg)
Azərbaycan Dövlət YUĞ Teatrında yeni mövsüm repertuarı haqda oktaybrın 4-də qərar veriləcək. Teatrın aparıcı aktrisası Zümrüd Qasımovanın sözlərinə görə, pandemiyadan əvvəl M.Vişnekin “Qoca kloun tələb olunur” əsəri əsasında hazırlanmış “Kloun-BİZZ” tamaşasına daxili baxış keçirilmişdi, lakin karantin rejiminin tətbiqinə görə premyera təxirə salındı:
“Yeni mövsümdə ilk olaraq həmin tamaşanın premyerasının keçirilməsi planlaşdırılır”.
