Arzu Nağıyev: “Ermənistan zor gücünə sülhə məcbur edilməlidir, yoxsa o, heç bir şərtə əməl etməyəcək”; Elxan Şahinoğlu: “Moskva Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının əleyhinədir”
Üzeyir Cəfərov: “Xeyli sayda itkilərə məruz qalan düşmən tərəfinin mənəvi-psixoloji vəziyyəti də ürəkaçan deyil
Fransa prezidenti Fransua Ollandın İrəvanın ardınca Bakıya gəlməsindən və azərbaycanlı həmkarı ilə görüşündən sonra Parisin növbəti dəfə Qarabağ danışıqlarında təşəbbüsü ələ keçirəcəyi ehtimalları ortaya çıxıb. Belə bir situasiya isə sözsüz ki, Putini qane etmir və Moskvanın moderatorluğu ələ keçirəcəyi barədə xəbərlərin yayılması da məntiqli görünür.
Postsovet məkanındakı bütün prosesləri özünün təsir dairəsində saxlamağı birmənalı olaraq dövlət siyasətinə çevirmiş Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində əsas söz sahiblərindən biri olduğu Qərbdə də etiraf edilir. İşğalçı Ermənistanın hərbi müttəfiqi olan Moskvanın ABŞ və ya Fransaya epizodik hallar istisna olmaqla, uzunmüddətli təşəbbüskarlıq missiyasını həvalə etməsi gözlənilən deyil və bu, dəfələrlə təsbit olunub. ATƏT-in Minsk Qrupunun iki həmsədr dövləti, ABŞ və Fransadan sonra Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək növbəsi Putinə çatıb.
Bu mənada onun sülhməramlı qiyafəsində görünmək üçün hərəkətə keçəcəyi gözlənilir. Elə erməni mənbələri də bu barədə xəbərlər yaymağa başlayıb. Erməni saytlardan biri iragir.am qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana gəlməsi Ermənistana heç də ucuz başa gəlməyəcək. “Aprelin 24-dən sonra Ermənistanı suverenliyinin növbəti tapdanması aktları gözləyir. İstisna deyil ki, bu, Qarabağ probleminə də toxunacaq. Mayın 9-da Azərbaycan prezidenti Moskvada olacaq. Serj Sərkisyan da Moskvaya getsə (çətin ki, o bundan imtina edə bilsin), o zaman Putin üçtərəfli görüş təşkil edə və Ermənistana öz nizamlama planını qəbul etdirə bilər”.
Güman olunur ki, Putin həm yaranmış imkandan - Əliyev və Sərkisyanın Moskvaya getməsindən istifadə edib Qarabağ məsələsini müzakirə etmək fürsətini dəyərləndirə bilər. Üstəlik o, İrəvandakı “soyqırım” şousuna qatılmaqla Türkiyə ilə soyuqlaşan əlaqələrin normallaşmasına xidmət edə biləcək bu şansı qaçırmayacaq.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 9 mayda Putinin başı tədbirlərə qarışacaq. Odur ki, üçtərəfli görüş olsa belə, bu, simvolik xarakter daşıyacaq: “Ukraynaya görə Qərblə gərgin münasibətləri olan Putinin Dağlıq Qarabağ münaqişəsinin həllinə girişəcəyini zənn etmirəm. Putin 24 apreldə İrəvana gedib ”soyqırım olub" deməklə artıq tərəfsiz olmadığını nümayiş etdirdi. Belə bir addımdan sonra Putin Ermənistan hakimiyyətini hansısa güzəştə məcbur edə bilərmi? Çətin. Əksinə, Moskva Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının əleyhinədir. Bu siyasətin davam etdirilməsi üçün isə Dağlıq Qarabağ problemi həll olunmamalıdır".
Düzdür, Moskvada görüşün baş tutacağı təqdirdə hansısa pozitiv nəticənin əldə olunacağına ümid çox azdır. Xüsusilə də Qarabağ separatçılarının “seçki” keçirmək istəyinə düşməsi danışıqların mənasını sual altına qoyur. Yeri gəlmişkən, Türkiyənin Xarici İşlər Nazirliyi mayın 3-də işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma rejimin keçirəcəyi “parlament seçkiləri” ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda qeyd olunub ki, bu seçki münaqişənin sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüsdür.
“Beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qərarlarının və ATƏT prinsiplərinin açıq şəkildə pozulması demək olan bu seçkilərin Dağlıq Qarabağ ixtilafının sülh yolu ilə uzunmüddətli həlli istiqamətində aparılan işlərə ziyan vuracaq bir təşəbbüs olduğu ortadadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu addımı pisləyir, qeyri-legitim hesab etdiyimiz bu seçkiləri tanımırıq. Minsk Qrupunun üzvü olaraq Türkiyə Dağlıq Qarabağ münaqişəsinə ədalətli və uzunmüddətli çözüm tapılması yönündə səyləri dəstəkləməyə davam edəcək” deyə, bəyanatda qeyd olunur. Qardaş Türkiyə bununla Azərbaycanın yanında olduğunu bir daha isbatlamaqla bərabər, konfliktin tənzimlənməsinə cavabdeh olan həmsədrləri hərəkətə gəlməyə də çağırmış olub. Ancaq onlardan biri, Rusiyanın hərəkətə keçəcəyi digər ekspertlər tərəfindən də şübhə ilə qarşılanır.

Politoloq Arzu Nağıyev də Moskva görüşü ilə bağlı nikbin fikirdə deyil: “Mövcud vəziyyət onu göstərir ki, ermənilər və onların havadarları heç cürə beynəlxalq hüquq normalarını, BMT-nin qətnamələrini, ATƏT-in təkliflərini saymır və münaqişənin sülh yolu ilə və ya ümumiyyətlə həll edilməsini istəmirlər. Ən son çağırış kimi ”Madrid prinsipləri" kimi tanınan təkliflər var. 2007-ci ildə qəbul edilməsinə baxmayaraq, 8 il ərzində yerinə yetirilmir. Bu sənəd Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını göstərən və ATƏT-in Minsk Qrupu tərəfindən təklif edilən bir sənəddir. Və əsas şərt kimi ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Bundan başqa, 2010-cu il dekabrın 1-də Astanada ATƏT-in sammitində Rusiya prezidenti, ABŞ-ın dövlət katibi, Fransanın baş naziri, Azərbaycan və Ermənistan prezidentlərinin də imzası ilə beynəlxalq hüquqi normalar, BMT nizamnaməsi və digər sənədlərə uyğun olaraq razılaşdırılmış bəyanat qəbul edilib". A.Nağiyev bu sənədə də məhəl qoyulmadığını xatırlatdı: “Ermənilər müxtəlif bəhanələrlə - guya ki, bu rayonlar bufer zonasıdır və s. - ağlasığmaz arqumentlər gətirərək heç cürə bu şərtləri yerinə yetirmirlər, atəşkəsi pozmaqla özlərinə bəraət qazanırlar. Son zamanlar təmas xəttində ermənilər çoxsaylı itkilər verirlər və bu göstərir ki, Azərbaycan ordusu bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə hərbi üstünlüyü ələ alıb. Belə bir şəraitdə geri çəkilməyin yeri də yoxdur. Düşünürəm ki, Ermənistan zor gücünə sülhə məcbur edilməlidir, yoxsa o, heç bir şərtə əməl etməyəcək və işğal olunmuş torpaqları qaytaran deyil”.
Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri növbəti dəfə düşmənə ünvanlı hədələr səsləndirib. Nazir Zakir Həsənov ordumuzun işğal olunmuş torpaqların azad edilməsinə hazır olduğunu bəyan edib. “Bu gün əminliklə bəyan edirik ki, ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etməklə tam hərbi üstünlüyə yiyələnib. Biz düşmənə gücümüzü göstərməklə onlara aydın mesaj verdik. Bu mərhələdə tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrin rolunu qeyd etmək vacibdir. İndi isə qarşımızda daha vacib - ikinci mərhələ dayanır: düşmənə qəti və sarsıdıcı zərbələr endirməklə onu işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə məcbur etmək. Biz bu vəzifənin öhdəsindən gəlməyə qadirik və qısa müddətdə buna nail olacağıq. Buna heç kim şübhə etməsin”.
A.Nağıyev qeyd etdi ki, məhz belə bir vəziyyətdə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bəyanatı başadüşülən və təqdirə layiqdir: “Deməli, ermənilər belə bir situasiyanı özləri yaratdılar və artıq bunun cavabını verməlidirlər. Prezidentlərin görüşü ilə bağlı onu demək olar ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bu şərtləri beynəlxalq hüquqi normalarına riayət etməklə qəbul edir və sülhün tərəfdarıdır, münaqişənin həlli üçün də sülh danışıqlarına hazırdır. Ermənilər isə bunun əleyhinədir . 9 mayda prezidentlərin gözlənilən görüşündən də müsbət bir nəticə əldə ediləcəyi inandırıcı deyil. Ola bilsin ki, Rusiya Ermənistana təzyiq göstərsin, ancaq bu da real görünmür”.

Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat” a bildirdi ki, son vaxtlar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun cəbhə bölgəsində və xarici diplomatik korpusun nümayəndələri ilə görüşlərində səsləndirdiyi bəyanatlar diqqəti cəlb edir və artıq bədnam qonşularımız da çox təşviş içindədirlər: “Silahlı Qüvvələrimizin ən modern və hazırlıqlı hərbi birləşmələrindən biri olan Xüsusi Təyinatlı Qüvvələrin qarşısında çıxışında da müdafiə naziri bir daha vacib mesajlar səsləndirdi. Həm Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 16-cı ildönümünü qeyd edərək onların son zamanlar düşmənə qarşı keçirilən uğurlu, parlaq fəaliyyətlərini yüksək qiymətləndirən nazir bundan sonra da döyüşlərdə sınanmış xüsusi təyinatlılara önəm veriləcəyini bildirib. İndi çoxları bilməsə də, biz peşəkar zabitlər yaxşı başa düşürük ki, erməni qoşunlarına son zamanlar yaşadılan ən ağır fəsadların, itkilərin icraçıları bizim bir vaxtlar bu qoşun birləşməsində xidmət keçərkən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Mübariz İbrahimovun xidmət yoldaşları misilsiz fədakarlıqlar göstərirlər. Sözün birbaşa mənasında artıq ermənilərə davamlı olaraq sarsıdıcı zərbələr endirilir, onların tezliklə işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmaları üçün lazım olan addımlar atılır. Öz havadarları vasitəsilə əvvəlki illərdə kəşfiyyat-təxribat cəhdləri həyata keçirən Ermənistan tərəfi artıq qorxu içində bu döyüş tapşırıqlarını yerinə yetirmək üçün normal hərbçilər tapmaqda çətinlik çəkirlər”.
Ü.Cəfərovun sözlərinə görə, iş o yerə çatıb ki, artıq onlar bir vaxtlar Rusiya və digər respublikaların silahlı birləşmələri sırasında xidmət keçmiş xüsusi təyinatları öz sıralarına cəlb etmək üçün emissarlarını bir çox yerlərə göndəriblər: “Xeyli sayda itkilərə məruz qalan düşmən tərəfinin mənəvi-psixoloji vəziyyəti də ürəkaçan deyil. Rusiyanın siyasi və hərbi rəhbərliyinin son vaxtlar Qarabağın işğaldan azad edilməsi istiqamətində ara-sıra səsləndirdikləri bəyanatlar da erməniləri bərk təşvişə salıb. İndi onlar Moskvanın onlara xəyanət etməsindən, onlara arxa çevirməsindən geniş danışırlar. Bunu biz əvvəlki illərdə o qədər görmürdük. İş o yerə çatıb ki, Ermənistan siyasətçiləri və politoloqları da artıq Rusiya tərəfinin Qarabağ məsələsində onlara lazım olan dəstəyi verməməsindən gileylərini həm mətbuatda, həm də qeyri-rəsmi tədbirlərdə dilə gətirilər”.
Hərbi ekspert bildirdi ki, ermənilərin xofa düşməsi səbəbsiz deyil: “Azərbaycan ordusunun son vaxtlar keçirdiyi davamlı və genişmiqyaslı təlimləri, düşmənin çoxsaylı itkilər verməsi artıq hamını Qarabağ məsələsində bir optimal variant seçilməsi üçün səfərbər edib. Hətta ATƏT-in bivec həmsədrləri də hərəkətə keçib, guya nə isə həll edəcəklər kimi özlərini gözə soxmağa cəhd edirlər. 20 ildən artıq bir müddətdə heç bir uğur əldə etməyən, işğalçını beynəlxalq hüquq və normalara əməl etməyə məcbur edə bilməyən qurum indi birdən-birə fəallıq nümayiş etdirməyə cəhdlər edir. ATƏT-in həmsədr dövlətlərindən biri olan Rusiyanın da hədələrinə qətiyyən əhəmiyyət vermək lazım deyil. Rusiya tərəfi artıq dünyaya özlərini Ukrayna məsələsində necə ”sülhsevər siyasət" yeritdikləri ilə təsdiq ediblər. Ona görə də biz artıq bütün addımlarımızı daha da qətiyyətli atmalı, ordumuzun döyüş hazırlıqlarının daha da yüksəlməsi üçün lazım olan hər şeyi etməliyik".
Cia.az
