Azərbaycanın bank və sığorta sektorundakı dövlətə məxsus qurumlar Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilib. Belə ki, Prezident İlham Əliyevin imzaladığı fərmanla Beynəlxalq Bankı, sərəncamla “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətini və Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətini (“Azərsığorta”) Holdinq idarə edəcək.
Prezident Azərbaycan İnvestisiya Holdinqinə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” ASC və Dövlət Sığorta Kommersiya Şirkətinin hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının diaqnostikasının aparılmasını dörd ay müddətində təmin edib nəticəsi barədə ona məlumat verməyi tapşırıb. Diaqnostika başa çatdıqdan sonra isə 1 ay müddətində onun nəticəsindən asılı olaraq, Mərkəzi Bankla hər iki şirkətin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Prezidentə təqdim edəcək.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının 95 faizi dövlətə məxsusdur. 2015-ci ildəki devalvasiyalardan sonra iflas təhlükəsi ilə üzləşən bankı xilas etmək, onu sağlamlaşdırmaq üçün dövlət 13 milyard manatdan yuxarı vəsait sərf etməli olub. Həmin vaxt bankın fəaliyyətinin təkmilləşdirilməsinə dair Prezident fərmanında Beynəlxalq Bankın özəlləşdirməyə hazırlanması əksini tapıb. Ötən 6 il ərzində özəlləşmə prosesinin başlanması müddətinə dair çoxsaylı müşahizələr irəli sürülsə də, Azərbaycan hökuməti bu addımı atmağa tələsmir. 2020-ci ilə dair maliyyə hesabatından aydın olur ki, ötən il bank 129 milyon manat xalis mənfəət əldə edib. 2020-ci ildə ABB-nin faiz gəlirləri əvvəlki illə müqayisədə 8 faiz azalmaqla 406 milyon 244 min manat təşkil edib. Bunun 242,2 milyon manatı müştərilərə verilən kreditlərdən, 98 milyon manat banklar və digər maliyyə institutlarındakı depozitlərdən, 48,6 milyon manat isə qiymətli kağızlardan əldə olunub.
Ötən il Beynəlxalq Bankın faiz xərcləri 104 milyon 275 min manat olub. Nəticədə ilin sonuna bankın xalis faiz gəliri 302 milyon manata çatıb. Qeyri-faiz gəlirləri isə 125 milyon 389 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz xərcləri 224 milyon 146 min manata çatıb. 2019-cu illə müqayisədə bankın qeyri-faiz xərcləri 35,3 faiz artıb. Ötən il bankda əmək haqqı fondu təqribən 9 milyon manat və ya 12,5 faiz artaraq 75,5 milyon manata yüksəlib. Ümumi və inzibati xərclər isə 13,4 faiz artaraq 16,4 milyon manata çatıb. Bankın digər xərcləri isə 48 milyon manat artaraq 111 milyon manatı keçib.
Nəticədə 2020-ci ildə Beynəlxalq Bankın əməliyyat mənfəəti 200 milyon manatı keçərək 203 milyon 211 min manata çatıb.
2020-ci ilin nəticələrinə görə, Beynəlxalq Bank mənfəət vergisi şəklində dövlət büdcəsinə 53,4 milyon manat vergi ödəyib. Nəticədə bankın il üzrə xalis mənfəəti 129,4 milyon manat təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 57 faiz azdır. Bank bəyan edib ki, mənfəətin azalmasının səbəbi, 2020-ci ildə bütün dünyada koronavirus pandemiyasının yayılması və onun qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən biznes aktivliyinin azalmasıdır.
Lakin pandemiyanın gətirdiyi çətinliklər və biznes aktivliyinin aşağı düşməsinə baxmayaraq, Beynəlxalq Bank 2020-ci ildə kredit portfelini ciddi surətdə artırıb. Hesabata əsasən, 2020-ci ilin sonunda bankın ümumi kredit portfeli 234 milyon manat və ya 9,8 faiz artaraq 2,6 milyard manata yüksəlib. Bu dövrdə bankın biznes kreditləri təqribən 6 faiz artaraq 1 milyard 323,4 milyon manata yüksəlib. İstehlak kreditləri isə 91 milyon manat və ya 18 milyon manat artaraq 600 milyon manata çatıb. İpoteka kreditləri 70 milyon manat artaraq 685 milyon manat olub.
Ümumilikdə ötən il bankın xalis kredit portfeli 213 milyon manat artaraq 2 milyard 366 milyon manat təşkil edib.
Ötən il banka fiziki şəxslər - əhali tərəfindən yatırılan əmanətlər 102 milyon manat artaraq 1 milyard 290 milyon manatı keçib. Hüquqi şəxslərin depozitləri isə təqribən 4 faiz azalaraq 4 milyard 259,3 milyon manat təşkil edib.
2020-ci ilin sonuna bankın kapitalı 1 milyar 326 milyon manat təşkil edib ki, bu da ölkədəki bütün bankların ümumi kapitalının 28 faizindən çoxu deməkdir.
2021-ci ilin iyununda Beynəlxalq Bank səhmdarlarının ümumi yığıncağında 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividentin ödənilməsinə qərar verilib.
“Azər Türk Bank” isə 2020-ci ili 423 min manat xalis mənfəətlə başa vurub. Bu, 2019-cu illə (603 min manat) müqayisədə 30 faiz azalma deməkdir.
İl ərzində “Azər Türk Bank”ın faiz gəlirləri 21 136 min manat (3.4 faiz az), qeyri-faiz gəlirləri 9 891 min manat (4 faiz az), faiz xərcləri 6 378 min manat (31.5 faiz çox), qeyri-faiz xərcləri 23 816 min manat (4 faiz az) olub.
1 yanvar 2021-ci il tarixində “Azər Türk Bank” 359 207 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə bankın aktivlərinin 3.3 faiz artması deməkdir. Ötən il “Azər Türk Bank”ın biznes kreditləri portfeli 61 810 min manatdan 38 833 min manata, istehlak kreditləri 55 576 min manatdan 42 243 min manata düşüb, daşınmaz əmlak kreditləri isə 69 127 min manatdan 86 284 min manata çatıb.
2020-ci ildə bankın cəmi öhdəlikləri 303 296 min manat olub ki, bu da 2019-cu ilin sonuna nisbətən 4 faiz artım deməkdir.
Bankın kapitalı 55 911 min manata bərabər olmaqla, 0,6 faiz artım nümayiş etdirib.
Xatırladaq ki, “Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 faizi Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 faizi Türkiyənin “Zıraat Bank”ına, 1,1 faizi “Zıraat Bank İnternational”a, 6,5 faizi “AzRe Təkrarsığorta” ASC-yə, 5 faizi isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur: “Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat, kapitalı isə 1 milyard 479 milyon manat olub. Qeyd edək ki, 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekunlarında isə Beynəlxalq Bankın aktivləri əvvəlki illə müqayisədə 2,8 faiz azalıb. Bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı ”Bank İcmalına" əsasən bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb. “Azər-Türk Bank”ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub.

Vüqar Bayramov
Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə “Azər-Türk Bank” hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, “Azər-Türk Bank”ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur".
Sığorta sahəsi üzrə mütəxəssis İlkin İbrahimovun “Yeni Müsavat”a dediyinə görə, “Azərsığorta”nın AİH-in idarəetməsinə verilməsi ilə bağlı hazırlıqlar bir neçə aydır həyata keçirilirdi: “Həm iki bankın, həm də ”Azərsığorta"nın İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi onların fəaliyyətində səmərəliliyin artmasına, idarəetmədə şəffaflığın artmasına, son nəticədə isə onların özəlləşdirilməsinə qədər gətirib çıxara bilər. Əslində İnvestisiya Holdinqi məhz dövlət şirkətlərinin fəaliyyətində şəffaflığın, səmərəliliyin təmin edilməsi məqsədilə yaradılıb. Konkret “Azərsığorta”ya gəlincə, bu şirkət ölkənin sığorta bazarında mühüm paya malikdir. Sığorta şirkətləri arasında müxtəlif göstəricilər üzrə ilk beşlikdədir. İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi şirkətin fəaliyyətində canlanmaya gətirib çıxaracaq. Bu proses əvvəldən də başlayıb. Bu ilin əvvəlində şirkətin kollektivində ciddi yenilənmə oldu, yeni komanda tamam yeni münasibətlər gətirdi. Bunun nəticəsində fəaliyyətdə də xeyli canlanma yarandı".

İlkin İbrahimov: “İnvestisiya Holdinqi ”Azərsığorta"nı nümunəyə çevirə bilər"
İ.İbrahimov hesab edir ki, AİH “Azərsığorta”nın fəaliyyətini daha səmərəli qurmaqla ümumilikdə Azərbaycanın sığorta şirkətləri üçün örnək olacaq nümunə formalaşdıra bilər: “Sığortanın bir sıra növləri ilə bağlı ciddi addımlar atılmasına ehtiyac var. İcbari şəxsi sığortalar ”Azərsığorta"dan alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Ümid edirəm ki, digər icbari sığortalarla bağlı şirkətin fəaliyyətində baş verəcək yeniliklər digər şirkətlər üçün nümunəyə çevriləcək".
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında “Azərsığorta” sığorta ödənişlərinin həcminə görə 340 milyon 992 min manatla ölkə üzrə birinci yerdə qərarlaşıb. Maraqlıdır ki, toplanmış sığorta haqlarının həcminə görə şirkət 3-cü yerdədir - 47 milyon 150 min manat.
