İyulun 30-da itkin düşən Daşkəsənin Alaxançalıı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovdan yeni xəbər var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov Cia.az-a bildirib ki, itkin düşən şəxslərə aid maddi sübutlar Kəlbəcər rayonu ilə sərhəddə aşkar edilib:
“Ərazidən onlara məxsus atın qalıqlar və yəhəri, həmçinin uşaqlardan birinin gödəkçəsi və ayaqqabıları tapılıb. Hazırda uşaqların axtarışları davam edir”.
E. Qasımov axtarış işlərinə ANAMA əməkdaşlarının da cəlb olunduğunu qeyd edib.
Qeyd edək ki, Daşkəsən rayonunun Alıxançallı kənd sakini, 2010-cu il təvəllüdlü İsmət Bayramov və həmkəndlisi, 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov iyulun 30-da həmin kənd ərazisində at gətirmək adı ilə evdən çıxaraq bir daha geri qayıtmayıblar.
