|
“Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” konfransı keçirilib

Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Avropa Mobillik həftəsinin Bakı şəhərində qeyd olunması və onun nəticələrinə həsr edilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Tarek Çeniti, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Proqram meneceri Ülviyə Abdullayeva, Aİ-nin şəhər mobilliyi üzrə mütəxəssisləri Robert Pressl və Claus Köllinge və digər şəxslər iştirak edib.

 

Keçirilən tədbirdə Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva çıxış edərək bildirib ki, Azərbaycan Avropa İttifaqı, BMT-nin müxtəlif strukturları və digər beynəlxalq təşkilatlarla bütün istiqamətlərdə sıx əməkdaşlıq edir, Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin əsasını insan inkişafı və vətəndaş məmnuniyyətinin təmin edilməsi təşkil edir. 

Bu il 50-dən artıq ölkədən, 3000-dən çox şəhərdən 600-ə yaxın təşkilat "Dayanıqlı mobilliklə təhlükəsizlik və sağlamlıq" mövzusunda keçirilən mobillik həftəsini qeyd edib. Bakı Nəqliyyat Agentliyi ilk dəfə paytaxtımız Bakını bu kampaniyada təmsil edib. 16-22 sentyabr tarixlərində Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat Könüllüləri Proqramı Azərbaycan Könüllü Təşkilatları İttifaqı  ilə birlikdə şəhərdə müxtəlif maarifləndirmə və təşviqat tədbirləri təşkil edib.