|
Yoluxma sayı artsa, yenidən hibrid təhsilə keçid ola bilər

Mövcud pandemiya şəraitində hər hansı yoluxma və yaxud fors-major hallar olarsa, ötən tədris ilində olduğu kimi hibrid təhsil formasına keçə bilərik.

Bunu “Gündəm” verilişinə açıqlamasında Bakı şəhər Təhsil İdarəsinin sektor müdiri Fuad Babayev deyib.

"Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qərarda əks olunduğu kimi, hər hansı ümumtəhsil məktəblərində şagirdlər və ya pedoqoji heyət arasında yoluxma halları olarsa, həmin məktəblərdə müəyyən siniflər distant təhsilə keçid edə bilər", - deyə o bildirib.

Qurum rəsmisi onu da qeyd edib ki, məktəblərdə İlkin olaraq şagirdlərin bilik səviyyəsinin diaqnostikası aparılacaq:

"Diaqnostikada ötən tədris ilində şagirdlərə çatdırıla bilməyən və yaxud zəif çatdırılan mövzuların müəyyən edilməsi prosesi aparılacaq. Bunun əsasında sıxlaşdırılmış proqramlar tərtib etməklə şagirdlərin çətinlik çəkdikləri mövzuların yenidən onlara çatdırılması istiqamətində işlər görüləcək".