XİN-in sabiq şöbə müdiri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Cia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər. Asif Ağayev şahid qismində dindirilən zaman düzgün ifadə vermədiyi məlum olub.
Şahid deyib ki, Səlim Əlizadə ilə tanışlıqları olub və onlara məxsus "Ofis Aləmi" adlı mağazadan dəftərxana malları alıblar.
"Bizdən malları bəzən nisyə götürürdü. Sonra da pulunu ödəyirdi. Səlim Əlizadə 2020-ci ildə nazirliklə müqavilə bağlamağımızı istədi. Bundan sonra pulu köçürmə ilə ödəməyə başladılar. Səlim bir gün gəldi ki, nazir ona tapşırıq verib. Bu səbəbdən ona pul lazımdır. Mənə dedi ki, şirkətin adına pul köçürsünlər. Mən də həmin pulu nağdlaşdırıb, ona borc kimi verdim".
Onun sözlərinə görə nazirlik tərəfindən 60 min manat pul köçürülüb. Həmin pulun 18 min manatına mal alınıb. Qalan pul isə Səlim Əlizadəyə verilib.
Şahid bu pulu borc kimi verdiyini deyib: "Qalan pulun əvəzinə il ərzində mal verəcəkdik. Amma Səlimə pul lazım olduğu üçün çıxarıb borc verdim".
Bununla yanaşı, şahid istintaqa verdiyi ifadəsində fərqli fikirlər söyləyib. Belə ki, o, istintaqda deyib ki, tender zamanı qalib olandan sonra Xarici İşlər Nazirliyi tərəfindən 68 min manat pul köçürülüb: "Həmin pulun 18 min manatı avandanlıqlara verilib. Vergilər çıxılandan sonra yerdə qalan pul nağlaşdırılaraq nazirliyinin əməkdaşı Səlim Məmmədova çatdırılıb”.
Prosesdə şahid qismində Ramil Hüseynov ifadə verib. O ifadəsində bildirib ki, dayısı arvadının adına şirkəti olub: "Mənim adımı şirkətə xəzinədar kimi yazmışdılar. İki dəfə bankdan pul götürmüşəm. Birində 129 min, digərində isə 97 min manat pul çıxarıb Asif adlı şəxsə vermişəm. Bunun qarşılığında bizə 2500 manat qaytarıldı. Bu puldan da bir hissəsi vergiyə ödənildi. 800 manat pul dayımın xəstəliyinə xərcləndi. Bir müddət sonra isə şirkəti bağlatdırdıq".
Rəsmi ittihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olaraq müxtəlif firmalar vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. Mənimsənilən vəsaitlər tenderlərdə süni şəkildə qalib elan edilməsi yolu ilə həyata keçirilib.
F.Mollazadə və S.Əlizadə özlərini qismən təqsirli bildiklərini deyiblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb.
