Son vaxtlar Ermənistan iqtidarının dilindən qətiyyətdən uzaq olsa da, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq mesajları eşidilməkdədir. Baş nazir Gürcüstana səfər öncəsi və gürcü həmkarı ilə görüş zamanı bu istiqamətdə diqqətçəkən fikirlər səsələndirib. Bu fikirlər nə dərəcəsdə səmimidir və onun yaxın dövrdə reallaşdırılması üçün zəmin varmı? Çoxsaylı suallardan biri də odur ki, ölkəsinin çıxılmz vəziyyətdə olmasını dolayısı ilə etiraf edən Ermənistan rəhbərliyinin nəhayət sözdən əmələ keçməyə iradəsi çatacaqmı? İlk baxışda sadə görünən bu sualların cavablandırılması üçün hər şeydən əvvəl Ermənistandakı mövcud duruma diqqət yetirək.
Hərbi vəziyyət. Mühribədə uduzmuş Ermənistanın hərbi vəziyyəti barədə danışmağa dəyməz. Nəinki iqtidar, ən optimist, revanşist erməni siyastçisi və intellektualı da ölkənin öz hərbi gücünü yaxın vaxtlarda bərpa edə biləcəyinə inanmır. Rusiyadan alınan (yaxud bağışlanan) modern silahlar, ehtiyatda olanların 3 aylıq təlimləri, KTMT çərçivəsində hərbi-texniki əməkdaşlıq və sair imkanlara baxmayaraq, ciddi hərbi texnika, silah-sursat və şəxsi heyət (əsasən zabit heyəti) itkisi, ən əsası acı məğlubiyyətin doğurduğu ruh düşkünlüyü səbəbindən döyüşqabiliyyətli ordunun bərpası üçün neçə illər lazımdır. Hazırkı iqtisadi durum kənardan mühüm dəstək olmadan Ermənistan ordusunun modernləşməsi arzusunu böyük sual altında qoyur.
İqtisadi vəziyyət. İqtidar, müxalifət, ən başlıcası xalq ölkənin iqtisadi vəziyyətinin son dərəcədə ağır olmasının və indiki siyasətlə bu durumdan çıxmağın mümkünsüzlüyünün fərqindədir. Borc girovluğunda olan Ermənistanın dövlət borcu cari xərclərin bağlanması üçün götürülən kreditlərə görə sürətlə yüksəlir. Hazırda ölkənin dövlət borcu ÜDM-in 70 faizindən yuxarıdır. Ermənistan iqtisadiyyatı üçün nəfəslik sayılan sərfəli şərtlərlə kredit götürmək imkanına belə malik deyil. İqtisadi tənəzzülün dərinləşməsinə baxmayaraq, Ermənistan iqtidarı 2021-ci ildə iqtisadi artımın 3.2 faiz olacağını proqnozlaşdırıb. Maraqlıdır ki, Dünya Bankının və BVF-nin proqnozları da ümidvricidir. Ancaq hazırkı reallıq Ermənistan iqtisadiyyatının ən azı yaxın dövrdə böhrandan çıxması üçün lazımi imkanların olmadığını deməyə əsas verir. Avropa Birliyinin ayırdığı 2,6 milyardlıq yadım, ABŞ-ın maddi dəstəyi və digər ianələr də Ermənistanı iqtisadi tənəzzüldən qurtarmaq üçün yetərli deyil.
Sosial vəziyyət. Ölkə social böhran içərisindədir. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də böhranın yaxın vaxtlarda bitəcəyi gözlənilmir. Rəsmi statistikaya görə, əhalinin hər 4 nəfərindən biri yoxsulluq səviyyəsində yaşayır. 2050-ci ildə əhalisinn sayını 5 milyona çatdırmağı hədəfləyən Ermənistanı az qala hər gün yüzlərcə sakin tərk edir. Bunların arasında yaşı 60-65-i keçənlər də var. Ölkənin mövcud demoqrafik vəziyyəti isə müharibədən əvvəl də ürəkaçan deyildi. Seçkidən keçən müddətdə ölkədaxili gərginlik bir qədər səngisə də, istənilən vaxt yeni social partlayış və kütləvi ixtişaşların baş verə biləcəyi tam realdır. Belə acınacaqlı və təhlükəli durum qarşısında Ermənistanın seçimi nə olmalıdır və ümumiyyətlə, bu halda qonşularla, əsas da Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan başqa hansısa seçimdən danışmaq olarmı?
Bu reallıqların məngənəsində sıxılan Ermənistan xarici siyasətində Rusiyadan ayrılıb Qərbə yaxınlaşmaq meyllərini davam etdirməkdədir. Nə qədər cəsarətsiz görünsə də, Paşinyan bu addımlarla ölkəni ən azı iqtisadi tənəzzüldən qurtarmaq fikrindədir. Ancaq Ermənistanı təsir dairəsində saxlamağa çalışan Rusiya bu siyasətini dəyişmək üçün ona açıq və gizli təzyiqləri davam etdirir. Əslində, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq bölgədə uzunmüddətli sülhün yeganə vasitəsi kimi alternativsiz olmaqla, Rusiyanın təzyiqlərinin neytrallaşdırılması baxımından da ən əlverişli variantdır. Bunun reallaşması üçün şərait də son vaxtlar nisbətən münbitdir. Belə ki, Türkiyə ilə münasibətlərinə xüsusi önəm versə də, Rusiya bu dövlətin regionda artan nüfuzundan narahatdır. Digər tərəfdən, Azərbayacanı təsir dairəsinə salmaq istəyi o qədər güclüdür ki, onun qardaş Türkiyə ilə əlaqələrinin sıxlaşmasına açıq təpki göstərməkdən belə çəkinmir. Ənənəvi regional siyasətinə sadiq qalan Rusiya Qarabağda sülhməramlı qüvvələr missiyası adı ilə gələcəkdə Azərbayacanda hərbi mövcudluğuna real əsaslar yaratmaq istəyir və bu istiqamətdə kifayət qədər qərarlı görünür. Ermənistanda hərbi bazaları, sərhədlərdə əsgərləri olan Rusiyanın əsl niyyəti regionda, hətta postsovet məkanında yeganə söz sahibi olaraq qalmaqdır. Ukraynaya, Moldovaya təhdid, Qazaxıstana yönəlik təzyiq siyasəti, Belarusla vahid dövlət ideyasının gerçəkləşməsi yönündə addımlar məhz bundan xəbər verir.
Azərbayacana təzyiq və təsir siyasətinin digər əlamətləri də ortadadır. Rusiya Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın mühüm bəndlərindən olan 4-cü bəndin icrasından yayınmasına, qanunsuz hərbi birləşmələrini Azərbayacan ərazisindən saxlamasına göz yumur. Son vaxtlar Qarabağda erməni separatçılarının fəallaşması, müstəqillik nağıllarının yenidən səsləndirilməsi, qondarma rejimi dirçəltmək cəhdləri, “öznümüdafiə orsusu”na komandan təyin edilməsi və s. hərəkətlərə də rəvac verilməsi, nəhayət bütün bunların Rusiyanın Müdafiə Nazirliyinin rəsmi məlumatlarında korrektəsiz, sanki baş separatçı Araik Arutunyan mövqeyinin eyni ilə əks olunması xoş niyyətin göstəricisi sayıla bilməz.
Separatçıların Qərbin himayəsinə nail olmağa can atan Ermənistandan daha artıq dəstəklənməsi Rusiyanın Azərbayacana təzyiqlə yanaşı, Qərbin, indiki halda ABŞ və Fransanın oyundankənar vəziyyətə salınması və Ermənistanı fərqli seçimdən saxlaması niyyəti ilə bağlıdır. Bunun həmin ölkələrin bəzi rəsmləri tərəfindən keçmiş status-kvonun bərpası, “ədalətli həll”in mümkünlüyü barədə fikirlərin səsləndirildiyi bir vaxtda baş verməsi təsadüf sayıla bilməz. Ancaq rəsmi Parisin və Vaşinqtonun münaqişə barədə ilk vaxtlardan mövcud prinsiplərindən biri – tərəflərin öz aralarında razılığa gəlməsi artıq Rusiyanın planlarına uyğun gəlmir. Buna görə də indi ABŞ və Fransanın 2020-ci ilin 10 noyabr reallığını qəbul etməkdən, xilasına çalışdıqları Ermənistanı qonşuları Türkiyə və Azərbayacanla sülh və əməkdaşlığa sövq etməkdən başqa seçimləri yoxdur. Əslində, bunun alternativinin Ermənistanın bir dövlət kimi tam süquta uğrayacağı olacağını onlar daha yaxşı bilirlər. Digər tərəfdən, indiki reallıq bədnam “907-ci” düzəliş, yaxud 2020-ci ilin “Fransız demarşı” kimi hərəkətlərin perespektivsiz olduğunu çılpaq şəkildə ortaya qoyur. Həm də Qərbi bu gün ipə-sapa yatmayan Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, bu ölkənin hansı şəkildəsə yola gətirilməsi daha çox düşündürür. Ona görə də, Fransa və ABŞ-ın Ermənistandakı səfirlərinin “Dağlıq
Qarabağ”ın status məsələsinin ATƏT-in Minsk qrupunun gündəliyində qalması” kimi əsassız bəyanatları regiondakı mövcud reallığı dəyişmək gücündə deyil. 29 ildən bəri həm də həmin dövltlərin birtərəfli yanaşması ucbatından pozulmuş ədalət artıq bərpa olunub və nidası qoyulub. Bu tipli bəyanatlar hörmətli diplomatların yerləşdikləri ölkəyə təsəlli jestləri kimi qiymətləndirilə bilər. Əslində, keçmiş həmsdrləri birləşdirən konstruktiv mövqe regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə dəstək olmalıdır.
Moskvaya gəlincə, onun məqsədli şəkildə şişirdlən manevr imkanları, xüsusi ilə Qarabağda öz hərbi mövcudluğunu təmin etməsi də bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəyişdirə bilməz. Doğrudur, bu mövcudluqdan Azərbaycana münasibətdə bəlli bir müddət müəyyən təzyiq vasitəsi kimi istifadə ediləcəyi istisna olunmur. Son günlərin hadisələri, xüsusi ilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə digər ölkələrin hüquqi və fiziki şəxsləri və nəqliyyat vasitələrinin qanunsuz keçməsi bunu aydın göstərir. Doğrudur, buna rəsmi şəkildə etiraz bildirildi. Ancaq belə bir insidentin baş verməsi və əvvəlki aylarda ermənilərin müxtəlif təxribatlarına şərait yaradılması və digər saymazyana hərəkətlər rusiyalı sülhməramlıların öz missiyalarından kənara çıxmalarının nəticəsidir. Qeyd edilən təxribatlara Azərbaycanın cavabı Laçında Azərbaycan-Türkiyə ortaq təlimlərinin keçirilməsi, Bakıda “Üç qardaş - 2021" təlimlərinin (Azərbaycan-Türkiyə-Pakistan) başlanması oldu. Artıq Azərbaycan polisi Gorus-Qafan dövlətlərarası yoldan keçən İrana məxsus yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlayır, müvafiq dövlət orqanı tərəfindən isə onlardan rüsum alınmasına başlanmışdır. Məqsəd Laçın dəhlizinə nəzarəti gücləndirmək, Qarabağın ynidən terror yuvasına çevrilməsinə yol verməməkdir.
Günün geosiyasi reallıqları Azərbaycanın və onun müttəfiqlərinin səyləri nəticəsində formalaşdığından Ermənistan tez, ya gec onların şərtlərini qəbul etmək məcburiyyətindədir. Başqa seçim yoxdur. Ermənilər yaxşı bilirlər ki, mövcud vəziyyət onların menevr imkanlarını günbəgün daraldır və yeganə xilas yollarını bağlayır. Əməkdaşlıq təkliflərinin əsassız iddialar və təkəbbürlə geri çevrilməsi Ermənistanı daha sərt reallıqla qarşılaşdıra bilər. Regional siyasi kursun tədricən dəyişməsi meylləri də bu reallığın qaçılmaz olduğundan qaynaqlanır. Rəsmi İrəvan hərbi-siyasi avantüraların yaxşı nəticələr verməyəcəyinə əmin olmağa başlayıb. Əksinə, törədilən hərbi-siyasi təxribatların Ermənistanın təhlükəsizlik maraqlarını, hətta mövcudluğunu riskə atdığı qənaəti getdikcə möhkəmlənir.
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması həmin ərazilərin tarixən Azərbaycana məxsusluğunun bir daha təsdiqi olmaqla, sərhədlərin müəyyənləşdirilməsi məsləsinin hansı reallıq zəminində aparılacağının da anonsu oldu. Delimitasiya prosesinin başlanmasının ilkin şərtinə gəlincə, bu, hər iki tərəfin sovet dövründə müəyyənləşmiş sərhədləri qəbul etməsi və həmin ərazilərdə yerləşməsidir. İşğal dövründə öz sərhədlərini Azərbaycanın daxilinə doğru xeyli genişləndirmiş Ermənistan bu gün real sərhədlərə qayıtmaq, proseslərə normal şərait yaratmaq istəmir. Üstəlik zəbt etdiyi ərazilərdən geri çəkilməsi barədə qanuni tələbləri təzyiq və ona məxsus torpaqların ilhaqı kimi qələmə verir. Azərbaycan mediasında da bəzən belə geriçəkilmələrin düzgün şərh olunmaması hallarına rast gəlinir. Vəziyyəti obyektiv qiymətləndirmək üçün ən azı 1991-ci ilin oktyabr ayına qədər mövcud olmuş sərhədlərə istinad etmək doğru olardı.
Qarabağda gedən bərpa və quruculuq işləri fonunda öz məğlubiyyətini yeni formatda qəbullanmaq məcburiyyətində qalan Ermənistan 29 il xaraba qoyduğu ərazilərin dirçəldiləcəyinin şokunu yaşayır. Bu prosesin sürətlənməsi məcburi köçkünlərin daha tez öz dogma yurdlarına qayıtması və ermənilərin ərazi iddialarında yeni məcburi korrektələrin olmasına zəmin yaradardı. Ümumiyyətlə, Ermənistan Gürcüstanla olduğu kimi, digər qonşuları ilə münasibətlərini də konstruktiv əsaslarda dəyişməli və birmənalı olaraq onlara qarşı ərazi iddialarının olmadığını bəyan etməlidir. Bu ölkənin rəsmiləri hələ ki, nə Azərbaycana, nə də sözdə əməkdaşlığa can atdıqları Türkiyəyə qarşı bunu etməyiblər, sadəcə, yarımçıq bəyanatlar səsləndiriblər. Münasibətlərin qurulmasında isə vasitəçilərdən, indiki halda Gürcüstandan yararlanmağa cəhd edilir. Bu seçim Gürcüstanın Rusiya istisna, öz qonşuları ilə yaxşı münasibətlərinin olması, Qərbin bu ölkəni dəstəkləməsi ilə bağlı olduğundan Ermənistanın prosesə dolayısı ilə Qərbi cəlb etmək niyyəti kimi də qiymətləndirilə bilər. Bu həm də Rusiyanın təsir dairəsindən uzaqlaşmaq, Türkiyə vasitəsi ilə Qərbə çıxış imkanı qazanmaq cəhdidir.
Tiflisdəki görüşlərində erməni Baş nazirinin regional nəqliyyat-kommunikasiya xətlərinin önəmini qeyd etməsi də bu ölkənin yaxın dövrdə hansı xətti tutacağına işarədir. Başqa sözlə, ürəklərindən olmasa da, Azərbaycan və Türkiyə ilə anlaşma Ermənistan iqtisadiyyatı üçün nəfəslikdir və bu, onları məqsədyönlü addımlar atmağa məcbur edir. Parlamentdə Dağlıq Qarabağla bağlı komissiyanın yaradılması cəhdlərinin qarşısının alınması, Ermənistanın xilası prosesində ilk addımın Azərbaycanla yekun sülh sazişinin qısa zamanda imzalanması olduğunun ehtirafı da rəsmi İrəvanın vəziyyəti düzgün qiymətləndirilməsi sayıla bilər. Ancaq bu planlar, necə deyərlər, çəkilməkdə olan yeni yol xəritəsi uğur gətirəcəkmi, bunu sonrakı addımlar göstərəcək.
Oktyabrda bu ölkəni ciddi proseslər gözləyir. Bu, yekun sülh müqaviləsinin imzalanması da, sosial-iqtisadi problemlərdən qaynaqlanan kütləvi iğtişaşlar da ola bilər. Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması, Türkiyəyə qarşı “soyqırım”ı iddialarından imtina etməsi mümkün olacaqmı? Yoxsa, yekun sülh sazişi ilə bağlı ölkədaxili müqavimətin gözlənildiyindən daha güclü ola biləcəyi ehtimalı iqtidarı Azərbaycan və Türkiyə ilə əməkdaşlıq istiqamətində addımlardan çəkindirəcək? Paşinyan hakimiyyətinin hansına önəm verəcəyini qəti demək çətin olsa da, əməkdaşlıqdan imtinanın Ermənistanı fəlakətə sürükləyəcəyi qaçılmazdır. Bunu artıq anlamağa başlayan Ermənistan sülhün lehinə qəti seçim etməli, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyasından, qanunvericilik aktlarından, hökumət qərarlarından biryolluq çıxarmalı, Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımalıdır.
Lətif Babayev,
ehtiyatda olan polkovnik.

