|
Daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verildi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Cia.az xəbər verir ki, bunlar "VATT" MMC-nin telefonlar üçün şarj cihazlarının mobil tətbiq vasitəsilə icarəsinə dair “Powerbank rental” layihəsi, "ALT SERVİCE" MMC-nin fasiləsiz elektrik enerjisi üçün“Ağıllı şəbəkə cihazı”, fərdi sahibkar Təbriz Zeynalovun məişət xidmətlərinin alqı-satqısı üzrə “www.cagir.az” onlayn platforması və "TECHFİN" MMC-nin bulud tipli onlayn mühasibatlıq proqramı olan “www.hesabat.az” layihəsidir.

“Startap” şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektləri sənədi aldıqları tarixdən müvafiq layihələrdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. Bununla bağlı olaraq, sahibkarlara artıq gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün “Startap” şəhadətnaməsinin alınması tövsiyə olunur.

 

Məlumat üçün bildirək ki, indiyədək KOBİA tərəfindən 14 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Mikro və kiçik sahibkarlar “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi əldə etmək üçün müraciət forması, lazım olan sənədlər və müvafiq meyarlarla bağlı ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi