|
Bakı məhkəməsinin sədri və tanınmış hakimlərin adı rüşvət və dələduzluq ittihamında hallanır —

Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis-operator vəzifəsində işləmiş İbrahim Xələfzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cia.az-ın əldə etdiyi məlumata görə, İbrahim Xələfzadə 2018-ci ilin oktyabrından 2021-ci ilin fevralın 3-dək olan müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis- operator vəzifəsində işləyərkən həmin məhkəmənin hakimi Rahib Salmanovun icraatında Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci (quldurluq)  maddələri ilə təqsirləndirilməsinə dair məhkəmə baxışında olan cinayət işi üzrə sonuncunun əməlinin Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilərək Ceyhun Əliyevə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncunun əmisinə vəd verib.

Quldurluq edən şəxsi necə azadlığa buraxılması istənilib?

İbrahim Xələfzadə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının çıxışında görüşləri zamanı etdiyi müraciətlə əlaqədar sonuncuya özünün məhkəmənin yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələrinin olmasını, həmin əlaqələrindən istifadə edərək Ceyhun Əliyevə həmin köməkliyi göstərəcəyini yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Ceyhun Əliyevin xeyrinə edəcəyi hərəkətə görə 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib, həmin məbləğdə pulu alıb.

Kriminal avtoritetin qatillərinin niyə həbsdən azad olunmadı? Bundan başqa, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin icraatında Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 120.2.4-cü (qəsdən adam öldürmə), 221.3-cü (xuliqanlıq), 228.1, 228.4-cü (qanunsuz silah əldə etmə) maddələri ilə təqsirləndirilən Səxavət Hüseynova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, Vüsal Hüseynova isə sanksiyada nəzərdə tutulmuş cəzadan daha yüngül olmaqla 9 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində köməklik göstərilməsi ilə bağlı sonuncuların atası Orucun 2020-ci ilin mayında özünə istintaqa məlum olmayan ünvanda etdiyi müraciətlə əlaqədar məhkəmənin yüksək vəzifəli şəxsləri ilə əlaqələrinin olmasını sonuncuya yalandan bildirib. O, bu yalanla zərərçəkmişdən 80 min manat alıb.

Qeyd edək ki, Səxavət və Vüsal Hüseynov qardaşları kriminal avtoritet Mübariz Budaqlının qətlində təqsirli biliniblər. Məhkəmənin hökmü ilə Vüsal 17, Səxavət isə 18 il müddətinə azadlıqdan məhrum edilib.