|
Arax butulkası Əzrayılın missiyasını yerinə yetirir

 

İnsanı  ucuzlaşdıran, cəmiyyətdə hörmətdən salıb rüsvay edən , ictimai davranış qaydaları, etik normaları pozmasına vadar edən alkoqollu içkilər günümüzün bəlasına, kabusuna  çevrilib. Əvvəllər kişilərin bu “xəstəliyə” yoluxduğu müşahidə olunurdusa, artıq qadınlar da bu bəladan yaxa qurtara bilmir, qurtarmaq üçün  cəhd də etmirlər, əksinə özlərinə qəhrəmanlıq bilirlər. “Müasir zamandır” deyib,müasirliyin şəninə  badələr qaldırıb, sağlıqlar deyirlər. . Vurduqdan sonra olurlar dünyanın xoşbəxti! Elə bu gün sosial şəbəkələrdə məşhur olan, milli mentalitetin üz qarası  görüntülərdə çox vaxt  spirtli içkilərin  təsirindən doğulur. Bir sözlə, spirtli içkilər onlara ruh yüksəkliyi , ehtiras “bəxş etməklə” anı yaşamaq sevinclərinə çevrilir. Qadınlar alkoqol qəbul etməyi özlərinə qəhrəmanlıq bilirlər. “Aslanın erkəyi, dişisi olmaz” düşünüb –  sosial şəbəkələrdə  əllərində qədəh şəkillərini  ya da içib özlərini itirərək, mənşəyi bilinməyən rəqslərini, videolarını paylaşırlar.
İçkinin yaranma tarixi eramızın birinci əsrinə – imperator Probusun dövrünə təsadüf edir.
İçki ən çox və ən tez beyinə təsir edir. Alimlər içkinin beyinə təsirini bu cür izah etmişlər: spirt ilk olaraq beyinin fəaliyyətini sürətləndirsə də, bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur. Və bu zaman insan hərəkət və davranışlarını idarə edə bilmir.
Bir insan bir şəxsiyyətdir. Lakin alkoqol, spirtli içki şəxsiyyətə antonimdir.

İçki qəbul edərək yoldaşına işgəncə etmə, öz doğma analarına əl qaldırma, qonşusunun, qohumunun qızına və ya yoldan keçən qıza, zənənə təcavüz , sosial şəbəkələrdə rüsvay olma halları  az deyil. Hətta evdən oğurluq edərək, övladlarının boğazından kəsərək son çörək pullarını içkiyə xərcləyənlər də var. Spirtli içkilər ucbatından nə qədər uşaq atalıykən atasız, nə qədər qadın ərliykən ərsiz yaşayır. Alkoqol nə qədər körpənin dünyaya şikəst, qüsurlu gəlməsinə şərtləndirir, alkoqol  aludəçiləri üzündən nə qədər uşaq körpələr evinə atılıb, yaşlılar qocalar evinə məhkum edilib.
Reallıqdır ki  içki düşkününün qızını evində gəlin görmək istəməyən cəmiyyətdə yaşayırıq. Tipik azərbaycanlı düşüncəsinə  görə içki düşkünü bir atanın qızı düzgün tərbiyə ala bilməz. Ən əsası bir sərxoşla qudalıq, qohumluq edilməz.
İçib gündüzləri, gecələri küçələrdə keçirən, skamyalarda gecələyən, yanından ötüb keçən insanları, qadınları söyüş atəşinə tutan, ağıla gələn və gəlməyən  vulqarizm , tabulardan istifadə edən ailə başçısı ailəsini necə və hansı şərtlər altında idarə edə bilər .Maddi və mənəvi ziyanından başqa heç bir xeyri, faydası olmayan “acı sular”ı içənlərin  taleyi də acı və sərxoş olur. Müqəddəs kitabımızda spirtli içki haram buyurulmuşdur. Hansı ki onları qəbul etdikdən sonra insan öz mənliyini, şəxsiyyətini unutduğu kimi uca tanrısını, yaradanını da unudur. Həyatda hər şeydən çox sevdiyi spirtli içkini, “acı su”yu öz belindən gələn övladından və ona həyat bəxş edən valideynlərindən belə üstün tutur. Çünki içki onun mayedən ibarət oksigeninə çevrilir.
Alkoqol insanı cəllada, qatilə çevirir.  Öz ölümünü belə tezləşdirir. Arax butulkası Əzrayilin missiyasınıyerinə yetirir.  Ölümü ya sərxoş vəziyyətdə törətdiyi qəza gətirir, ya da hər gün qəbul edilən alkoqol orqanları sıradan çıxararaq öz qəbrini özünə qazdırır. Axır ki, tez ya gec, onun əzraili elə qəbul etdiyi spirtli içkilər olur.
Nisa surəsinin 43-cü ayəsində buyurulur: Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın.

Elida Muxayeva