“Artıq iki ildir ki, biz tətildəyik. Əgər buna tətil demək olarsa. Günlərimiz çox primitiv, sadə keçir. Çox darıxdırıcı bir həyat yaşayıram. Keçən yay pandemiyada bəxtim onda gətirdi ki, Taleh Yüzbəyovun “Zəhər tuluğu” filmində çəkildim. Bir az maraqlı həyatım onda oldu”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Səidə Quliyeva deyib. O daha sonra əlavə edib.

“Sentyabrın 1-dən, yeni mövsümlə əlaqədar olaraq biz hər il işə gedirdik, amma pandemiyaya görə bu müddət uzaldıldı. Təbii ki, tamaşalarımız, tamaşaçılarımız üçün çox darıxırıq. Respublikada nə qayda-qanun qoyulursa ona tabe olmalıyıq, şəxsən mən tabe olan insanam. Mən də saytlardan oxuyuram ki, sənətçilər etirazlarını bildirirlər. Teatrlar açılarsa lap yaxşı, açılmazsa lap pis. İndi biz nə edə bilərik? Pandemiyanın və xəstəliyin tüğyan etdiyi bu dönəmdə teatrların açılmasının əleyhinəyəm! Tutaq ki, zalda tamaşaçılar ara məsafəsi ilə əyləşdilər, bəs səhnədə necə? Səhnədə axı aktyorlar bir-biri ilə ünsiyyətdə olurlar, bir-birinin əlindən tuturlar. Özünüz də görürsünüz ki, vaksin vurduranlar da yenidən bu xəstəliyə yoluxur” deyə sənətkar bildirib.
Səidə Quliyeva gənclərlə iş birliyindən və sənət rəqabətlərindən də danışıb.
“Əlbəttə ki, gənclərlə işləmək çox maraqlıdır. Mən hər zaman, 9 illik pedaqoji fəaliyyətim dövründə də gənclərlə çalışmışam. Teatrda da, kinoda da gənclər mənim hər zaman yanımda olub. Bizim sənət sintez sənətidir. Gənclik, orta nəsil, qoca nəsil hamısı bir yerdə kollektiv çalışır və ortalığa iş çıxarırlar. Nə qədər canımda su, beynimdə fikir var mən yenə də onlara dəstək olacağam. O ki, qaldı sənət rəqabətlərinə. Sağlam rəqabətə yaxşı baxıram. Rəqabət yaxşı xüsusiyyətdir, mütləq olmalıdır. Bir-birinin ayağını çəkib, evini yıxan rəqabətlərdən yox. Mən belə rəqabətlərdən uzaqam. Bir-birinə kömək edib, dəstək olmaq lazımdır. Sağlam rəqabət aparan insanları sevirəm” deyə sənətkar bildirib.
“Bildiyim qədərilə oğlunuz da operatordur. İstərdinizmi oğlunuzla bir filmdə işləyəsiz?” sualına isə Xalq artisti belə cavab verib.
“Əlbəttə, istəyərəm. Ama bu bir xəyal olaraq qalır. Buna sponsor lazımdır. Burada ancaq ana-bala yox, yaradıcılıq ünsiyyəti ola bilər. Mən aktrisa, o isə operator kimi yaxşı bir iş ərsəyə gətirə bilərik. Oğlum çox istedadlıdır, müasir gəncdir” deyə aktrisa bildirib.
“Həyatınızda nələri dəyişmək imkanınız yoxdur? Və yaxud nələri dəyişmək imkanı əlinizdədir?” sualına aktrisanın cavabı belə olub.
“Həyatımda heç nəyi dəyişdirmək istəməzdim. Sadəcə olaraq özümə sağlamlıq arzulayıram. Çünki bu günki sağlamlığım gələcək işlərimdən xəbər verir. Həyatımda heç nəyi dəyişdirə bilmərəm, dəyişdirmək Allaha məxsusdur. Bir də görürsən ki, heç kimin ağlına gəlməyən bir hadisə baş verə bilər. Sadəcə olaraq mən plan qura bilərəm” deyə aktrisa bildirib.
