Cəlilabadda gənc döyülərək ciddi bədən xəsarəti alıb.
Cia.az xəbər verir ki, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə Rusiyada yaşayan kənd sakini Şəbi Şəbiyev bir neçə gün öncə evlərinə geri dönüb. Ötən gün axşam o, kənddə evlərində bir neçə şəxs tərəfindən döyülüb.
Baş və bədən nahiyyəsindən ağır xəsarət alan 18 yaşlı Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib.
Zərərçəkənin sözlərində görə, hadisəni böyük qardaşının keçmiş qayınatası və qayınları - Əliağa və Elsevər Qürbətovlar törədiblər. Keçmiş qohumlar onu hadisədən bir gün əvvəl də döyməyə çalışıblar.
Hadisə yerinə gələn təcili tibbi yardım maşını gənci Cəlilabad Diqnostika Mərkəzinə çatdırıb. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirib.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Surxay Şahbazov
