Abşeronda ali məktəblər üçün keçirilən imtahanlarda 600-dən yuxarı bal toplayan 78 abituriyentlə görüş keçirilib. “Qafqazinfo” xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkili Şahin Seyidzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan himni ilə başlayan tədbirdə vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İ.Gülməmmədova imtahanlarda uğur qazanmış şagirdləri təbrik edərək Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları sayəsində və ordumuzun, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqları sayəsində torpaqlarımızın işğaldan azad edildiyini, düşmənə sarsıdıcı zərbənin vurulduğunu deyən başçı qeyd edib ki, bundan sonra şagirdlərimiz qalib ölkənin gəncləri kimi böyüyəcək, təhsil alacaq, öz müstəqil həyatlarını quracaqlar.
Sonra millət vəkili Şahin Seyidzadə, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Pərviz Əhmədov və məktəb drektorları çıxış edərək uğur qazanan abituriyentləri təbrik edərək gələcəkdə uğurlar arzulayıblar. Bundan sonra yüksək bal toplayan abituriyentlər çıxış edərək gələcək planlarından danışıblar.
Sonda uğur qazanan şagirdlərə qiymətli hədiyyələr verilib, xatirə şəkilləri çəkilib.





