Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan şəxslər hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Şahin Həsənov və Xəyyam Məmmədzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə Xəyyam Məmmədzadə 7il, Şahin Həsənov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsində Şahin Həsənov şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Şahin Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılıb. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkar edilib. Xəyyam Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram psixotrop maddə və 1 ədəd elektron tərəzi aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, Xəyyam Məmmədzadə narkotik vasitələri şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.
