|
Hökumətin və beynəlxalq təşkilatların inflyasiya proqnozları

Beynəlxalq Valyuta Fondu Azərbaycanda iqtisadi artım və inflyasiya proqnozlarını yeniləyib. Fondun hesablamalarına görə, bu il Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) cari qiymətlərə həcmi 84 milyard 853 milyon manata (49 milyard 914 milyon dollara) çatacağı gözlənilir. Bu, 2020-ci ilin faktiki göstəricisindən 17,1 faiz çoxdur.

Fond Azərbaycanda nominal ÜDM-in 2022-ci ildə 86 milyard 463 milyon manat (50 milyard 861 milyon dollar), 2023-ci ildə isə 88 milyard 934 milyon manat (52 milyard 314 milyon dollar) səviyyəsində olacağını proqnozlaşdırır. Bu, müvafiq olaraq əvvəlki ilin proqnozu ilə müqayisədə 1,9 faiz və 2,9 faiz çoxdur.

BVF hesab edir ki, bu il Azərbaycanın real ÜDM-i ötən ilin faktiki göstəricisi ilə müqayisədə 2,3 faiz artaraq 29 milyard 213 milyon manata çatacaq. Məlumata əsasən, 2022-ci ildə real ÜDM-in 29,708 milyard manat (əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 1,7 faiz çox), 2023-cü ildə isə 30,214 milyard manat (1,7 faiz çox) təşkil edəcəyi gözlənilir.

BVF-in nələrə əsaslandığı qaranlıqdır"

BVF-nin hesablamalarına əsasən, bu il Azərbaycanda illik inflyasiya 3,5 faiz təşkil edəcək. Bu, ötən ilin faktiki göstəricisi ilə müqayisədə 0,7 faiz bəndi artım deməkdir. 2022-2023-cü illərdə isə illik inflyasiya bu ilin proqnoz göstəricisi ilə müqayisədə 0,3 faiz bəndi azalaraq 3,2 faiz təşkil edəcək.

 Qeyd edək ki, BVF-dən başqa bir sıra digər beynəlxalq təşkilatlar da Azərbaycanda 2021-ci ildə ÜDM və inflyasiya proqnozlarını açıqlayıblar. Dünya Bankının hesablamalarına əsasən, 2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artımı 2,8 faiz təşkil edəcək. 2022-ci ildə ÜDM 3,9 faiz, 2023-cü ildə isə 3,4 faiz artacaq. Eyni zamanda Dünya Bankının hesabatına görə, Azərbaycanda 2021-ci ildə inflyasiya 3,9 faiz səviyyəsində proqnozlaşdırılır. Proqnoza əsasən, Azərbaycanda inflyasiya 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə 3 faizədək azalacaq.

Asiya İnkişaf  Bankının qiymətləndirmələrinə görə isə 2021-ci ildə Azərbaycanda 3,5 faizlik inflyasiya qeydə alınacaq. Bank hesab edir ki, 2022-ci ildə bu göstərici 3 faizədək azalacaq.

Azərbaycan hökuməti özü isə 2021-ci ildə illik inflyasiyanın 4 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair son açıqlamasında da bəyan edilib. Qurum bildirir ki, cari ildə inflyasiya səviyyəsi əsasən dünya əmtəə qiymətləri, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, tərəfdaş ölkələrdə inflyasiya kimi qeyri-monetar xərc amillərinin təsiri altında formalaşır: “Məcmu tələb amillərində canlanma olsa da, bu amillərin inflyasiya yaratma potensialının davamlığı ilə bağlı tam əminlik yoxdur. Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meylləri qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə monetar şərait anti-inflyasyon xarakterini qoruyur”.

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Mərkəzi Bankın məlumatına əsasən, iyunun sonuna Azərbaycanda illik ərzaq inflyasiyası 5.3 faiz təşkil edib: “Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi mühüm təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri ilin əvvəlindən 15 faiz, son bir ildə isə 34 faiz yüksəlib. Qiymətlərin qeyri-ərzaq məhsulları üzrə artımında ticarət tərəfdaşı ölkələrində müşahidə olunan yüksək inflyasiya, dünya xammal və aralıq istehlak malları bazarlarında qiymət artımları da mühüm rol oynamaqdadır. Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-iyun aylarında 2.7 faiz təşkil edib”.

Mərkəzi Bank hesab edir ki, qlobal iqtisadiyyatın bərpasının sürətlənməsi və xarici mühitdə yaxşılaşma ölkədə qiymətlər sabitliyini dəstəkləyən amillərdəndir: “COVİD-19 əleyhinə peyvəndləmənin sürətlənməsi, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması şəraitində qlobal iqtisadiyyatın bərpa prosesi gözləntiləri üstələyir. Beynəlxalq Valyuta Fondunun (BVF) iyulda açıqladığı yenilənmiş proqnozlara görə, qlobal iqtisadi artımın 2021-ci ildə 6 faiz olacağı gözlənilir. BVF 2022-ci ilə qlobal iqtisadi artım proqnozunu 0.5 faiz bəndi yuxarıya doğru təshih edərək 4.9 faizə yüksəldib. Qlobal enerji bazarında qiymətlər də gözləniləndən daha sürətlə artır. Neftə qlobal tələbin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağı gözlənilir. Yanacaq məhsullarına tələbdəki yüksək artımla müqayisədə OPEC+ razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir etməkdədir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 66 dolları, iyulda isə 74 dolları üstələyib”.

Ölkənin valyuta bazarında sabitlik şəraitində bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam edir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4.1 faiz bəndi azalaraq 49.1 faiz, kredit portfelinin xarici valyuta hissəsi isə 2.9 faiz bəndi azalaraq 27.3 faiz təşkil edib: “Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Maliyyə sektorunda yüksək likvidlik şəraitində dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalma meylini saxlayır. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməsə də, real faizlər azalmaqdadır. Milli iqtisadiyyatda bərpa prosesləri sürətlənməkdədir. İqtisadi artım prosesi xarici mühitin yaxşılaşması və stimullaşdırıcı makroiqtisadi çərçivənin həyata keçirilməsi ilə dəstəklənir. Eyni zamanda sosial təcrid tədbirlərinin mərhələli yumşaldılması təxirə salınmış tələbi aktivləşdirir. Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlərin istehlakının illik dəyişimi müsbət zonaya daxil olub. Məcmu tələbin bərpası məcmu təklifin də yüksəlməsi ilə müşayiət olunur”.

Mərkəzi Bank bildirir ki, inflyasiya idxalı və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kimi xərc amilləri qısamüddətli risk balansında əsas artırıcı amillər hesab edilir: “Qiymətləndirmələrə görə, ilin ikinci yarısında monetar amillərin inflyasiyaya artırıcı təsiri məhdud olaraq qalacaq. Tədiyyə balansının yaxşılaşması və valyuta bazarında təklifin genişlənməsi pul siyasətinin başlıca lövbərini - məzənnənə sabitliyini dayanıqlı etməklə qiymətlərə artırıcı təsir edən amilləri əhəmiyyətli neytrallaşdırır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 47 milyard 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Yeddi ayda keçən ilin eyni dövrü ilə müqayisədə inflyasiya 4,5 faiz təşkil edib. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,1 faiz, qeyri-ərzaq məhsulları 4,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 3,9 artıb. Cari ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin iyul ayına nisbətən 6,0 faiz artıb.

İyun ayı ilə müqayisədə iyulda ən yüksək artım əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində baş verib - 2,1 faiz. Ərzaq məhsullarında bu göstərici 0,2 faiz, qeyri-ərzaq məhsullarında isə 0,3 faiz təşkil edib.

Rəşad Həsənov: “Yeni yanaşma daha hədəfli və kompaktdır”

Rəşad Həsənov

Beynəlxalq təşkilatlar və Azərbaycan hökumətinin inflyasiya proqnozları nə qədər realdır? Rəsmi statistikanın qeydə aldığı qiymət dəyişmələri real vəziyyəti əks etdirirmi? Ümumiyyətlə, ilin sonunadək Azərbaycanın istehlak bazarına dair gözləntilər nə yöndədir? İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, cari vəziyyətdə Azərbaycanda inflyasiya hökumətin müəyyənləşdirdiyi hədəfdən yüksək səviyyədədir: “Hər nə qədər rəsmi statistikanın hesablamaları mötəbər hesab olunmasa belə, hazırda real inflyasiya rəsmi hədəfin  üzərindədir. Rəsmi statistikaya əsasən, iyul ayında istehlak qiymətləri indeksi keçən ilin eyni dövrü ilə müqayisədə 6 faiz yüksək olub. Yanvar-iyulda isə keçən ilin yanvar-iyuluna nisbətən 4,5 faizlik inflyasiya qeydə alınıb, bir sıra məhsullar, xüsusilə ərzaq məhsulları üzrə bu göstərici daha yüksəkdir. Bu baxımdan, düşünürəm ki, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq qurumların inflyasiya ilə bağlı proqnozları özünü doğrultmayacaq. Eyni zamanda hökumət də inflyasiyanı hədəflədiyi həddə - 4 faiz civarında saxlamaqda çox ciddi çətinliklərlə üzləşəcək. Bunun üçün ya Mərkəzi Bank çox sərt monetar siyasət həyata keçirməlidir, ya da rəsmi statistikanın keyfiyyəti daha da aşağı düşməlidir. Yəni indiki halda görünən ondan ibarətdir ki, payız fəslinin başlanması ilə əlaqədar olaraq bir sıra məhsul növləri üzrə qiymətlərə mövsümi təzyiqlər artıb. Eyni zamanda pandemiyanın müxtəlif ölkələrdə sərtləşməsi, karantin məhdudiyyətlərinin kəskinləşməsi müşahidə olunur. Bu isə qlobal çatdırılma zəncirində qırılmaları, fasilələri artıracaq və son nəticədə qiymətlər bahalaşacaq. Bundan əlavə, əsas xarici ticarət partnyorlarımız olan ölkələrdə ciddi proseslər gedir. Məsələn, idxalımızda mühüm paya malik Türkiyədə inflyasiya səviyyəsi 20 faizə çatır. Bu isə Azərbaycana inflyasiya idxalını genişləndirən amillərdəndir. Bütün bunları nəzərə alaraq demək olar ki, yaxın müddətli dövrdə Azərbaycanda inflyasiyanı tətikləyən amillərin təsir gücü artacaq”.

Ekspert əmindir ki, rəsmi statistika real inflyasiyanı əks etdirən rəqəmləri açıqlamır: “Real vəziyyət rəsmi statistikanın açıqladığından daha sərtdir, qiymətlər rəsmi açıqlanan rəqəmlərdən daha yüksək səviyyədə artır. Əsas təchizatçı şirkətlərin gündəlik tələbat malları üzrə qiymətləri 15-20 faiz qaldırmalarına dair real müşahidələrimiz var. Ölkə əhalisi bu artımı öz həyatında açıq hiss edir. Təəssüf ki, rəsmi statistika bu artımları olduğu kimi ya qeydə almır, ya da qeydə aldığını açıqlamır. Müşahidələrimizə və kiçik hesablamalarımıza əsasən, demək olar ki, 2021-ci ili Azərbaycan 12-14 faizlik inflyasiya ilə başa vuracaq”.