Azərbaycanın cənnət guşəsi Qarabağ işğal dövründə həm də ekoloji terrora məruz qalıb. Bu terrorun zərərlərini aradan qaldırmaq xeyli zaman və vəsait tələb edir. Demək olar ki, hər dövlət qurumuna da Qarabağın dirçəldilməsi üçün lazımi tədbirlər görmək öhdəliyi qoyulub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb və təqdim edilib:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində yeni çağırışlara uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir sıra tədbirlər görülməkdədir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli 1170 nömrəli Fərmanının 7.5-ci yarımbəndinin tələblərindən irəli gələn tədbirlərin icrası məqsədilə müvəqqəti xüsusi idarəetmənin təşkili zamanı fitosanitar və epizootik vəziyyətin ilkin qiymətləndirilməsi və həmin Fərmanın 5-ci bəndində qeyd olunan digər dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin bu tədbirlərə cəlb olunması ilə bağlı müddəalarına əsasən bitki və heyvan sağlamlığı sahəsində, həmçinin ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” 24 noyabr 2020-ci il tarixli Sərəncamının 1-ci bəndinə əsasən həmin ərazilərdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin icrası üçün Agentlik tərəfindən beynəlxalq və yerli ekspertlərin iştirakı ilə “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin işğaldan azad edilmiş ərazilər üzrə fəaliyyətinə dair Konsepsiya” sənədinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Əlavə olaraq, Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə qida təhlükəsizliyinin təmin olunması, nəzarət sisteminin qurulması, fitosanitar və epizootik vəziyyətin qiymətləndirilməsi, bitki və heyvan sağlamlığı sahəsində zəruri tədbirlərin təmin edilməsi, regional bölmələrin, eləcə də beynəlxalq standartlara cavab verən laboratoriyaların yaradılması, ərazilərin fitosanitar vəziyyətini əks etdirən xəritələrin hazırlanması, müasir heyvan kəsimi məntəqələrinin qurulması və digər məsələlərlə bağlı nəzarət və tənzimləmə işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülməkdədir.
