|
Mübhəm 11 sentyabr teraktının 20 ili -

2001-ci il, 11 sentyabr terrorunun 20 ili tamam olur. Bu tarix indi əvvəlki ildönümlərdən çox fərqlənir. Çünki Amerika əsgərinin Nyu-York və Vaşinqton şəhərlərindəki terror aktlarından sonra Əfqanıstana soxulması başa çatdı. Düz 20 il sonra ABŞ hərbi qüvvələri, o cümlədən NATO ölkələrinin əsgərləri bu bataqlıq ölkəni məğlub olaraq tərk etdilər və “Taliban”ın nəzarətinə keçdi. ABŞ prezidenti Co Bayden Əfqanıstandan çıxmağı belə izah edir ki, məqsəd 11 sentyabr teraktı törətmiş “Əl-Qaidə”ni məhv etmək idi, buna da nail oldular.

Ona görə əlavə hərbi xərcə yol vermədən Əfqanıstandan çıxmaq lazımdır. Lakin bu gün də 11 sentyabr hadisələri dünya üçün bir mübhəm olaraq qalmaqdadır. Niyə bu terakt törədildi, ABŞ-ın Yaxın Şərqə doğru “səlib yürüşü” üçün planlaşdırılan terror idimi? Çünki ondan sonra Amerika Əfqanıstan, İraq işğalına başladı, o cümlədən Suriya, Liviya və s. ərəb ölkələrində çaxnaşmaların körüklənməsinə təkan verdi.

Çoxları iddia edir ki, 11 sentyabr terroru dünyanın siyasi, hərbi yönünü də dəyişdi. Yəni qlobal demokratiyanın inkişafını tormozladı. Amma bu hadisələrə qədər də dünya demokratiyaya hamilə deyildi. Sadəcə, bir həqiqəti danmaq olmaz ki, dünyada qarşıdurmalar artdı, terror şəbəkələri genişləndi və artıq 11 sentyabr terrorundan 20 il ötür, Amerika hansı normal demokratik rejim qura bilib?

Həmin gün yerli vaxtla saat 08:46-da “American Airlines” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi - Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

“Hesab etmirəm ki, Amerikanın Yaxın Şərqə müdaxiləsi üçün 11 sentyabra ehtiyacı var idi, İraqa girəndə lazım olmadı”

Qeyd olunur ki, Federal Təhqiqat Bürosu 3 gün içində təyyarə oğrularının siyahısını tərtib etdi. Üsamə bin Laden bu əməliyyatı Əfqanıstanda bir mağarada planlamışdı. “Taliban”a qarşı cavab hücumu tezliklə baş verdi. Nəhayət, 2011-ci il mayın 2-də bin Laden Pakistanda məhv edildi.

“Gallup” şirkətinin bu günlərdə açıqladığı rəy sorğusunun nəticələrinə görə, bir çox amerikalı hadisənin hələ də həyatlarına təsir etdiyini deyir. Sorğu nəticələri hazırda amerikalıların 26 faizinin “uçmağa istəksiz” olduqlarını, 27 faizi göydələnlərə daxil olmaq istəmədiklərini, 36 faizi isə xaricə səyahət etməkdən çəkindiklərini göstərib. Əhalinin 37 faizi böyük izdihamların olduğu tədbirlərə qatılmaqdan narahat olduqlarını bildirib. On il əvvəl ABŞ-ın qalib gəldiyini əhalinin 42 faizi deyirdisə, indi 28 faizi deyir. İndisə ABŞ Əfqanıstanda yoxdur, uduzub, meydan taliblərdədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, 11 sentyabr haqda müxtəlif komploteorelər var. “Hətta bir kitabda oxumuşdum ki, guya ABŞ hakim dairələrinin terrordan əvvəldən xəbəri olub, yaxın şirkətlərini də məlumatlandırıblar ki, işə çıxmasınlar. Amma hesab etmirəm ki, Amerikanın Yaxın Şərqə müdaxiləsi üçün 11 sentyabra ehtiyacı var idi. Məsələn, İraqa girmək üçün 11 sentyabr lazım olmadı”, - deyə politoloq belə zənn edir.

Oxu.az - Elxan Şahinoğlu: “Ermənilərlə toqquşma olacaq, ordumuz antiterror  əməliyyatı keçirəcək” - VİDEO

Elxan Şahinoğlu

Onun sözlərinə görə, ABŞ İraqa kimyəvi silahı var adı ilə girdi: “Səddamı devirdilər, düzdür, diktator idi. Amma nəticəsi nə oldu? İraq dağıldı, minlərlə insan ölümü, kamikadzelər, sonra İŞİD kimi terrorçu qruplar meydana gəldi. Əfqanıstanda isə müəyyən nəticə əldə etdilər, bin Ladeni öldürdülər. Amma “Taliban” dirçəldi, terrorçu dedikləri təşkilat hakimiyyətə gəldi. Yəni görünməmiş hadisədir. Qərb pis vəziyyətdə qalıb: bir yandan talibləri tanımırlar, digər tərəfdən təmasa keçirlər ki, humanitar məsələlər həll olunsun".

E.Şahinoğlu yada salır ki, 11 sentyabr teraktı baş verəndə Amerikada prezident Corc Buş idi: “Hadisədən sonra kəşfiyyat orqanlarının hüquqları artırıldı. ABŞ kimi demokratik ölkədə geriyə addım atıldı. Çünki insanları dinləmələr başladılar, ciddi qalmaqallar yarandı. Məsələn, Snouden üzə çıxardı ki, bir çox şirkətlər ABŞ kəşfiyyatının nəzarətindədir. Düzdür, bu terrorda Amerika 3 min vətəndaşını itirdi, Əfqanıstan və İraqa müdaxilə etdi. Sadəcə, yaxşı bir fikir var - Amerika mübarizənin ilk mərhələsində uğur qazanır, ikinci turda uduzur. Vyetnam siyasəti də elə oldu. Ona görə Əfqanıstanla Vyetnam oxşardır. Amerika uzaq Vyetnama girdi, yüz minlərlə insan öldü, şikəst edildi, axırda gördü ki, partizan hərəkatı ilə bacarmayacaq, ölkəni biabırçı şəkildə tərk etdi. İndi Əfqanıstanda da ”Taliban"la mübarizəsi bu cür yekunlaşdı. Ancaq Amerika çıxan kimi sovet Vyetnama girmişdi, ölkəni tutmuşdular. Bu mənada 11 sentyabrdan keçən 20 ildə ABŞ daxili və xarici siyasətdə, təhlükəsizliklə bağlı msələlərdə ciddi zərərlə üzləşdi". Politoloqun fikrincə, 11 sentyabrdan sonra ABŞ-ın dəstəklədiyi “rəngli inqilab”lar da uğursuz nəticələndi: “Tunisdən başlayan proses dağıdıcı yön aldı, Misir, Yəmən, Suriya... Bir qədər uğurlu nəticə Tunisdə idi. İndi oradan da pis xəbərlər gəlməkdədir. İraq və Suriyanın vəziyyəti bəllidir, Yəməndə vətəndaş müharibəsi gedir”.

“Yeni Müsavat”