|
"Taliban"çılar şəhərlərdə havaya atəş açan silahlıları cəzalandıracaq

“Taliban” hərəkatı şəhərlərdə havaya atəş açan silahlıları cəzalandıracaq. Onlar silahdan məhrum ediləcək və məsuliyyətə cəlb olunacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın sosial şəbəkədə yayılan bəyanatında bildirilir.

Şahidlərin sözlərinə görə, taliblərin nəzarətində olmayan yeganə ərazinin - Pəncşir əyalətinin tutulması top-tüfəng atəşləri ilə qeyd olunur. Taliblər Kabil sakinlərini əmin edirlər ki, atəş bayram münasibətilə havaya açılır. Hərəkat rəhbərliyin nümayəndələri silahlıları atəş açmağı dayandırmağa çağırıb.

“Taliban” liderinin müavini Məhəmməd Yaqub bununla bağlı bir sıra sərəncamlar verib. Sabahdan başlayaraq Kabildə və ya digər şəhərlərdə havaya atəş açan hər kəsin silahı dərhal əlindən alınacaq. Belə hərəkətlər xəzinəyə ziyan vurur, bunun təqsirkarları məsuliyyətə cəlb olunacaq”, - hərəkatın bəyanatında belə deyilir.

Taliblər cümə günü Pəncşir əyalətinə nəzarəti ələ aldıqlarını elan ediblər. Əfqanıstanın birinci vitse-prezidenti Əmrulla Salehin və müqavimət qüvvələrinin lideri Əhməd Məsudun qaçdıqlarına dair məlumatlar yayılıb. Lakin sonradan Saleh Pəncşir əyalətinin tutulması barədə “Taliban”ın bəyanatını təkzib edib və bildirib ki, müqavimət davam edir, o, ölkədən getməyib və Pəncşirdədir.