Son günlər ölkə gündəmini zəbt edən Aytən Niftəliyeva və 1 yaşlı övladı Tahirənin ölümü hamını qəhərə boğub, göz yaşlarına səbəb oldu. Bakının Səbail rayonunda baş verən hadisədə 24 yaşlı Aytən körpəsi ilə birlikdə yaşadıqları evin damından yıxılaraq vəfat ediblər.
Yenə qadın intiharı?
Hadisənin intihar və yaxud insan həyatına qəsd olduğu hələlik aşkara çıxmasa da, aşkar olan həqiqət var ki, günü xoş keçən heç bir qadın ölümü seçməzdi. İttihamları qəbul etməyən qadının həyat yoldaşı Rəhman Niftəliyev əlində günahsız olduğuna dair sübutlar olduğunu iddia etsə də, heç bir dəlil və sübut qadını intihar həddinə çatdıran əməllərdən güclü ola bilməz.
Bir qadın həyat yoldaşı tərəfindən öldürülürsə, buna ailə- məişət zəminində baş verən hadisə kimi yox, cəmiyyətdə dominant olan mühafizəkar baxış kimi baxmaq lazımdır.
İntihar mürəkkəb qlobal fenomendir.
Qadının özünü öldürməsi onları buna sövq edəcək şiddətləri göz önünə sərir.
Qadınlarla bağlı intiharın anlaşılması bir qədər çətin prosesdir. Adətən intihar hallarına səbəb kimi qadınlarda ağır depressiya göstərilsə də, Aytən Niftəliyevanın ölümündə isə ailə -məişət faktorları açıq-aşkar özünü büruzə verir.
Rəhman Niftəliyev Aytəni söylədiyi kimi qəsdən öldürməsə də, Aytənin intiharını doğuran səbəblər haqda ciddi araşdırma və təhlillərə ehtiyac var.
Aytən çoxsaylı problemlər məngənəsindən intiharı çıxış yolu kimi qəbul edib.
Adətən çarəsizlik, intihar təhsilsiz qızlarımızın çıxış yolu olsa da, Aytən kimi təhsilli, savadlı və yetərincə cəmiyyətdə öz mövqeyini sərgiləməyi bacaran qadınlarımız da ölümə sövq olunur.
Hər qadın intiharından sonra cəmiyyətdə çaxnaşma, ittihamlar dalğası yaransa da, çaxnaşma cəsəd qəbirə gömülən gün səngiməyə başlayır.
Cia.az
