ABŞ-ın “Forbes” jurnalı Rusiyanın ən varlı 10 ailəsinin reytinqini açıqlayıb. Lakin onlar arasında azərbaycanlı ailələr yoxdur. Belə ki, jurnal bu 10 ailənin ümumi sərvətinin son bir ildə 16,1 milyard dollar artaraq 42,9 milyard dollara çatdığını yazır. Siyahıya onlayn pərakəndə satışla məşğul olan “Wildberries” şirkətinin yaradıcısı Tatyana Bakalçukun ailəsi başçılıq edir. Bakalçukların ümumi varidatı 13 milyard ABŞ dollarından çoxdur.
İkinci pillədə “Fosaqro” şirkətinin sahibi olan Quryevlər ailəsi gəlir. İl ərzində bu ailənin sərvəti 1,8 milyard dollar çoxalaraq 6,9 milyard dollar olub.
Üçüncü yeri Rotenberqlər ailəsi tutur. Ailə il ərzində varidatını 550 milyon dollar artıraraq 5,95 milyard dollara çatdırıb.
Dördüncü yerdə duran “Safmar” şirkətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyevin ailəsi il ərzində sərvətini 500 milyon dollar artırıb. Hazırda Qutseriyevlərin sərvəti 3,7 milyard dollara yaxındır.
Rusiyanın ən varlı ailələrinin siyahısında beşinci yerdə “Sistema” Səhmdar Maliyyə Korporasiyasının Direktorlar Şurasının sədri Vladimir Yevtuşenkov və oğlu Feliks qərarlaşır. Yevtuşenkovların sərvəti 3,2 milyard dollardır.
Sonrakı yerlərdə “Tatavtodor” şirkətinin baş direktoru Ayrat Şaymiyev, onun qardaşı Radik və oğlu Timur (onların ümumi sərvəti 3 milyard dollardır), “Kafajat Kft” şirkətinin əsas sahibləri Məqdət Rəhimqulov, oğlanları Timur və Ruslan (ümumi sərvətləri: 1,95 milyard dollar), “Alyans Qrup”un prezidenti Musa Bajayev, qardaşı Mövlud və qohumu Deni Bajayev (ümumi sərvətləri: 1,75 milyard dollar), “Miratorq” aqrar-sənaye şirkətinin qurucusu Aleksandr və Viktor Linnik qardaşları (ümumi sərvətləri: 1,7 milyard dollar), iyirmi şirkəti birləşdirən PECO qrupunun sahibləri Sergey və Nikolay Sarkisov qardaşları (ümumi sərvətləri: 1,65 milyard dollar) gəlir.
Siyahıdan da göründüyü kimi, Rusiyanın 10 ən varlı ailəsinin içində azərbaycanlılar olmasa da, müxtəlif MDB xalqlarının nümayəndələri, o cümlədən ermənilər var. Bəs görəsən, bu milyarderlər Rusiyanın siyasi və iqtisadi mühitinə təsir edə bilirlərmi? Azərbaycanlılar niyə Rusiyada ailə biznesi kimi fəaliyyət göstərə bilmirlər və ya niyə adları tanınmır? Azərbaycanlı biznesmenlərin Rusiyada verilən hər hansı qərarlara təsir gücü nə qədərdir?

Natiq Cəfərli
Bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Rusiyada yaşayan azərbaycanlı milyarderlərin sırasında “LUKoil” prezidenti Vahid Ələkbərovun adı hər zaman ən öndə olub: “LUKoil” Rusiyanın ən böyük özəl şirkətlərdən biridir. Vahid Ələkbərovun hətta prezident yanındakı müxtəlif şuralara daxil olduğu da məlumdur, orada müzakirələrdə, hansısa qərarların verilməsində iştirak edir. Amma Vahid Ələkbərovun Azərbaycana bağlılığı çox zəifdir. Həm biznes nöqteyi-nəzərindən, həm ümumiyyətlə, Azərbaycanda hər hansı bir böyük layihələrin təşkilində o qədər də aktiv iştirak etmir. Azərbaycanda bir neçə enerji layihələrində “LUKoil”un payı vardı, amma bu elə də çox deyildi. Araz Ağalarov azərbaycanlı milyarderlər arasında ən çox önə çıxan isimlərdən biridir. Amma bu pandemiya dönəmində Ağalarovun aktivlərində xeyli azalma müşahidə olundu. Çünki onun əsas aktivləri daşınmaz əmlakın icarəsindən daxil olurdu. Böyük konsert salonları, iri ticarət mərkəzlərinin icarəyə verilməsindən daha çox gəlir əldə edirdi. Pandemiya dönəmində isə o sahələrdə qapanmalar oldu deyə həmin dövrdə o, gəlirləri ilə önə çıxmadı".
N.Cəfərli hesab edir ki, əslində Rusiyada yaşayan azərbaycanlıların siyasətə, orada alınan qərarlara təsir etdiyini söyləmək təəssüf ki, mümkün deyil: “Azərbaycanlı milyarderlərin siyasi və iqtisadi qərarlara təsir imkanları çox azdır. Rusiya rəhbərliyi ilə dostluq münasibətləri, şəxsi münasibətlər ola bilər, amma institutsional olaraq ermənilər qədər təsir edə bilmirlər. Ermənilər Rusiyada müxtəlif sahələrdə ciddi aktivlik göstərirlər. Məsələn, Rusiyada bütün bankların birləşdiyi Banklar Assosiasiyasının prezidenti ermənidir. Jurnalistlər İttifaqının prezidenti ermənidir, hüquqşünaslar, vəkillər ittifaqının idarə heyətində çoxlu sayda ermənilər təmsil olunur. İndi bu ay Duma seçkiləri olacaq, bir çox partiyaların siyahısında ilk onluqda erməni soyadlarına rast gəlmək olar. Azərbaycanlıların isə adları demək olar ki, yoxdur. Bu baxımdan yanaşsaq, institusional olaraq azərbaycanlıların Rusiyada və digər ölkələrdə siyasi, iqtisadi, sosial həyatda ciddi iştirak etdiyini təəssüf ki, söyləmək mümkün deyil. Halbuki say etibarilə Rusiyada bizim soydaşlarımızın sayı az deyil, ən azı orada yaşayan ermənilərdən heç də az deyil, təxminən bərabər saydadır və dəqiq hesablansa, bəlkə də çoxdur. Amma soydaşlarımızın sayca çox olmasına baxmayaraq, institusional olaraq Rusiyanın siyasi, iqtisadi və sosial həyatında ciddi iştirak edə bilmirlər. Bunun da çoxlu səbəbləri var. Yəqin ki, bu səbəblər haqqında Azərbaycan hökuməti də düşünməlidir. Azərbaycan diasporasının da rolunun çox az olduğunu söyləmək mümkündür. Çünki bütün dünyada diasporalar yerli dövlətə yardım edirlər, onun büdcəsinə ciddi dəstək olurlar. Amma Azərbaycanda əksinədir. Dövlət diasporalarının formalaşmasında, onların maliyyələşməsində önəmli rol oynayır. Burada da siyasi loyallıq hər zaman önə çəkilir. Bu problemlər olduğuna görə institusional olaraq Azərbaycan diasporası zəif olduğuna görə Rusiya siyasi elitası tərəfindən qəbul olunmuş qərarlara azərbaycanlı milyarderlərin təsir imkanları da az olur”.

Fikrət Yusifov
İqtisadçı alim Fikrət Yusifov da vurğuladı ki, Rusiyada gəlirlərinə görə bu statusda olan iş adamları kifayət qədərdir: “Mən uzun illər Rusiyada yaşamışam və orada kifayət qədər milyarder statusunda olan azərbaycanlı ailələrin olduğunu deyə bilərəm. Ancaq bizim bir fərqli cəhətimiz var. Azərbaycanlı iş adamları özlərini bəyan etmirlər, daha çox arxa planda qalmağa çalışırlar, gəlirlərini gizlədirlər. Bəlkə də bu bizim milli xüsusiyyətimizdən irəli gəlir, bəlkə də fərqli səbəblər var. Yetərincə belə iş adamlarımız var, ancaq onların statistikaya niyə düşmədiyini deməkdə çətinlik çəkirəm. Məşhur olmaq üçün önə çıxmaq lazımdır. ”Forbes"in siyahısında olan milyarderlər heç də bizim tanıdığımız milyarderlərdən, məsələn, Vahid Ələkbərovdan öndə olan adamlar deyillər. Bu siyahının fərqi ailə biznesi kateqoriyasında olmasıdır. Bu bizneslər ailə üzvləri tərəfindən idarə olunur və hər biri şirkətin müxtəlif qollarını idarə edir".
