Artıq 1 il yarımdır ki, ölkəmiz pandemiya ilə mübarizə aparır. Koronavirusun mənfi təsirləri bir çox sahələrdə olduğu kimi, mənzil bazarından da yan keçməyib. Bundan başqa pandemiya dövrü kirayə mənzillərə təsirsiz ötüşmədi. Yəni bazar üçün avqustun sonu - sentyabrın əvvəlinə düşən “qaynar” mövsüm hiss olunmadı. “Kirayə mənzil bazarı keçən il sərt karantin olan zaman çökmüşdü. Ali təhsil müəssisələri bağlandı, tələbələr rayonlara getdi, xarici vətəndaşlar da öz ölkələrinə qayıtdılar deyə kirayə mənzil bazarında boşluq yarandı.
Bu il ali təhsil müəssisələri açılacağı gözlənilir. Çünki dünyanın bir çox ölkələrində, o cümlədən qardaş Türkiyədə 2021-2022-ci tədris ilində universitetlərdə ənənəvi təhsilin bərpa olunacağı açıqlanıb. Azərbaycanda da universitetlərdə ənənəvi təhsilin bərpası haqda ehtimallar böyükdür.
Təhsil eksperti Kamran Əsədov bununla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, yeni tədris ilində universitetlərin ənənəvi formada təhsilə keçməsi qaçılmazdır. “Buna əsas verən kifayət qədər məqamlar var”, - deyə Kamran Əsədov qeyd edib.
Bununla da ekspertlər mənzillərin kirayəsinə dair vəziyyətini düzələcəyi haqda proqnozlar verirlər. Hazırda mənzil alışı və satışı da qaydasına düşmək üzrədir. Ekspertlərə görə, satış bir az sürətlənsə, qiymətlərdə artım müşahidə ediləcək. Çünki son 1 il yarımda tikinti məhsullarının qiymətində artım var. Bu da birbaşa istər yeni tikili, istərsə də həyət evlərinin qiymətinə təsir edib.
Bəzi tikinti materiallarında 30 faiz, bəzilərində isə daha çox artımlar müşahidə olunur. Bu da onu göstərir ki, müəyyən zamandan sonra xüsusən yeni tikili binalardakı qiymət bugünkü kimi olmayacaq.

Nüsrət İbrahimov
“MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hələ ki universitetlərin distant, yoxsa ənənəvi tədrisə başlayacağı dəqiq deyil. Buna görə də bu məsələnin tez bir zamanda bazara təsiri ola bilməz. İndidən ”havadan" proqnozlar vermək doğru deyil. Biz ekspertlər yalnız bir həftədən sonra bu haqda nəsə deyə biləcəyik. Lakin avqustun 1-nə qədər olan təhlillərə görə, həm kirayə, həm də satış bazarında, həmçinin də mənzillərin kirayəsində bahalaşma var. Daha dəqiq desək, mənzil kirayəsində əvvəlki illə müqayisədə bahalaşma 8,46 faiz təşkil edib. Amma son bir ayda 5,45 faiz azalma olub. Fərdi yaşayış olan bağ evlərində ötən illə müqayisədə 9,56 azalma olub. Lakin son 1 ayda bu bazarda qiymətlər stabil qalıb, cəmi 0, 9 faiz artım olub. Yəni kirayə bazarında avqust ayına olan vəziyyət bu cür olub. Sentyabra qədər olan vəziyyəti isə hələlik təhlil edirik".

Rəşad Həsənov
Ekspert Rəşad Həsənov isə qeyd edib: “Ənənəvi olaraq hər il tədris ilinin əvvəlində kirayə bazarında qiymətlər artır. Doğrudur, pandemiya səbəbindən ötən il məsafədən təhsil olduğu üçün bu bazarda qiymət artımı özünü sərt şəkildə göstərmədi. Lakin 2021-2022-ci tədris ilində dərslər ənənəvi keçirilərsə, əlbəttə ki, bu, qiymətlərə təsir edəcək. Bildiyiniz kimi, bəzi hallarda kommunal xərclər də kirayənin qiymətinə daxil olur. Lakin son dövrlərdə kommunal qiymətlərinin də artması kirayə qiymətlərinə öz təsirini göstərəcək.
Burada başqa bir faktor da var - kirayə verənin məsələyə baxışı. Yəni evi kirayə verənin öz xərclərini dəyərləndirməsi məsələsidir. Məlum olduğu kimi, son iki ildə ərzaq bazarında kəskin qiymət artımları baş verib. Bu da ailə büdcələrinə öz təsirini göstərir. Ona görə kirayə verən şəxs çalışacaq ki, müvafiq xərcləri də kirayə qiymətlərinə daxil etsin. Beləliklə də, bütün bunları nəzərə alaraq deyə bilərəm ki, qiymət artımı gözləniləndir".
