Hazırda Qarabağla bağlı Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri də Xankəndi, Xocalı və Ağdərənin geri qaytarılmasıdır. Müxalifət , sosial media fəalları tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmir, deməli, onları geri qaytarmaq planı yoxdur.
Amma gedən proseslər və yayılan bəzi informasiyalar göstərir ki, Prezident İlham Əliyev üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritetdir. Dövlət bu hədəfdən vaz keçməyib, imtina etməyib. İlham Əliyevin rəqibləri iddia edir ki, o, Zəngəzur, Göyçə, İrəvan deməklə milləti Xankəndi, Xocalı hədəflərindən yayındırır. Fəqət isti müharibə kimi, soyuq müharibənin də özünün şərtləri var. Hazırda İlham Əliyev o şərtlərə tam olaraq əməl edir. Qarabağda yaşayan erməni əhali Azərbaycan Ordusunun onları üzük qaşı kimi dövrəyə aldığını deyir və bundan ciddi narahatdır. Azadlıq-Radiosunun erməni redaksiyasının bununla bağlı onlarla reportajı var.
İkinci əsas məqam hazırda Azərbaycan dövlətinin Qarabağda, Şuşada apardığı quruculuq-bərpa işləridir. Bunu bütün dünya izləyir, ermənilər də həmçinin. Ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, rayonlar sürətlə bərpa edilir, infrastruktur yaradılır, yollar çəkilir, binalar, aeroportlar tikilir. Ermənilərin yaşadıqları, nəzarət etdikləri ərazilərdə isə rəzalət dizboyu... Hesab edilir ki, gec-tez Qarabağın Azərbaycan vətəndaşı olan, hətta olmayan erməni əhalisi bu fərqi görüb, seçimlərini edəcəklər. Paşinyan hökumətinin onları hansı ağır şərtlərdə yaşatdıqlarını nəhayət anlayacaqlar.
Paralel olaraq, İlham Əliyev revanşistləri, Azərbaycana torpaq iddiasından əl çəkməyən erməniləri “Dəmir yumruq”la yola gətirəcəyini deyir. Dəfələrlə bildirib ki, Azərbaycanın haqlı, qanuni tələblərini icra etməsələr, başlarının üstündə dəmir yumruq görəcəklər.

Asim Mollazadə: “Sülhməramlı qüvvələrin rəhbərliyi qarşısında sərt mövqe qoyulmalıdır ki, ermənilərin bu oyunlarına son qoyulsun”
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan Qarabağın inkişafını qarşıya məqsəd qoyub və həqiqətən oraları cənnətə döndərəcək: “Qarabağda yaşayan ermənilər də özləri Paşinyan hakimiyyəti ilə mübarizəyə başlamağa məcbur olacaqlar. Azərbaycan Qarabağda böyük quruculuq işləri görür. Tək Ermənistana deyil, bütün dünyaya böyük bir nümunə göstərir. Azərbaycanın mədəni paytaxtı olan Şuşa beynəlxalq mədəniyyət paytaxtına çevriləcək. Bunları həyata keçirməyə davam etmək lazımdır. Azərbaycan vətəndaşlarında narahatlıq olmamalıdır. Çünki bunun üçün heç bir əsas yoxdur. Ermənilərin boş-boş bəyanatları, müxtəlif oyunları mənasızdır. Çünki hər gün bir-birini təkzib edən fikirlər Paşinyan hökuməti tərəfindən ifadə olunur. Əslində bu, Ermənistan cəmiyyətindəki çaşqınlığın təzahürüdür. Mən əminəm ki, Azərbaycan dövləti və xalqı bir olsa öz məqsədinə çatacaq. Heç kəs buna mane ola bilməyəcək”.
Asim Mollazadə bildirdi ki, onlar bugünkü “müstəqillik günü” məsələsini Azərbaycanı qıcıqlandırmaq üçün edirlər: “Sülhməramlı qüvvələrin rəhbərliyi qarşısında sərt mövqe qoyulmalıdır ki, ermənilərin bu oyunlarına son qoyulsun. Çünki bu qıcıq verən bir hadisədir. Artıq Ermənistan rəhbərliyinin bu bölgəyə gəlməsi qadağan edilib. Hesab edirəm ki, təxribatların da qarşısı alınacaq”.

Fəzail Ağamalı: “Hazırda həyata keçirilən strategiya olduqca doğrudur, çünki...”
Deputat Fəzail Ağamalı isə vurğuladı ki, Azərbaycan dövləti bu yaxınlarda Xarici Işlər Nazirliyi səviyyəsində öz prinsipial mövqeyini ortaya qoydu: “İfadə olundu ki, Rusiyanın sülhməramlı qüvvələri bu ərazidə müvəqqəti yerləşdirilib. Digər tərəfdən, biz faktiki olaraq torpaqlarımızın mütləq əksəriyyətini azad etmişik. 3 min kvadrat kilometr ərazi ermənilərin kompakt yaşadığı ərazilərdir. Orada Rusiyanın sülhməramlı qüvvələri nəzarət edirlər. Onların postları həmin ərazilərdə yaradılıb. İnsanların ya baş verənlərdən xəbəri yoxdur, ya da təhlil qabiliyyətləri zəifdir. Əslində Azərbaycan bütün mənalarda dövlət səviyyəsində, prezident səviyyəsində ifadə etdi ki, Dağlıq Qarabağ anlayışı yoxdur. Status məsələsini prezident səviyyəsində cəhənnəmə göndərdik. Bu gün Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfəri demək olar ki, baş tutmur. Çünki məsələni Azərbaycanın silahlı qüvvələri həll etdi”.
F.Ağamalı vurğuladı ki, ermənilər nə qədər çalışsalar da status məsələsini ortaya gətirə bilmirlər: “Çünki müharibədən qalib çıxan Azərbaycan tərəfi buna imkan vermir. Həm hərbi gücü ilə, həm diplomatik fəaliyyəti, həm də prinsipial mövqeyi ilə. Faktiki olaraq ermənilərin yaşadığı məhdud ərazi Azərbaycanın nəzarətindədir və Azərbaycan Silahlı Qüvvələri tərəfindən mühasirəyə alınıb. Həm şimaldan, həm cənubdan, həm qərbdən, həm də şərqdən Şuşa qalası ilə əhatəyə alınıb, separatçı qüvvələri nəzarətdə saxlayırıq. Belə olan şəraitdə ermənilər orada heç nə edə bilməzlər. Yolların, kommunikasiyaların yenidənqurulması, dəmiryol xətlərinin çəkilişi orada həyatın canlanmasını təmin etmək üçündür. İnsanlarımızın ora köçməsi üçün görülən işlər, onların yüksək həyat şəraitinin təmin olunması, Füzulidə, Laçında, Zəngilanda beynəlxalq səviyyəli aeroportların tikilməsi, yeni iş yerlərinin açılması, bütün bunların hamısı son dərəcə cəlbedicidir. Həm də sıravi ermənilərin, separatçılarla bağlılığı olmayan ermənilərin Azərbaycana inteqrasiya olunmasında olduqca stimullaşdırıcı rol oynayır. Yaxın zaman kəsimində biz bunları görəcəyik. Separatçıların tör- töküntüləri hansısa bir formada, ya qadın paltarında, ya gecənin qaranlığında oranı tərk edib gedəcək. Əgər onlar yenə də müxtəlif avantüralara gedərək, hər hansı bir revanşist addımlar atacaqlarsa, dərhal Azərbaycanın Silahlı Qüvvələri forsmajor xarakterli antiterror əməliyyatları həyata keçirəcəklər. Heç şübhə olmasın. Bu baxımdan hazırda həyata keçirilən strategiya olduqca doğrudur, Azərbaycan işğaldan azad edilmiş istiqamətlərdə quruculuq-abadlıq işləri aparır. Bütün bunlar yüksək səviyyədə Prezidentin siyasətinə uyğun olaraq həyata keçirilir və olduqca stimullaşdırıcı rol oynayır”.
Deputat hesab edir ki, yaxın gələcəkdə məsələnin birdəfəlik həlli gözlənilir: “Ortada mühüm strategiya var. Cənab Prezident Şərqi Zəngəzur iqtisadi rayonunu yaradanda bu adın seçilməsi təsadüfi deyildi. Dünya mediasına göstərilir ki, Zəngəzur Azərbaycanın tarixi torpaqlarıdır, bu torpaqlar vaxtilə kommunist rejimi tərəfindən qanunsuz olaraq Azərbaycandan alınaraq Ermənistana verilib. Dünya bilməlidir ki, bunlar Azərbaycan torpaqlarıdır. Ehtiyac olarsa, Azərbaycan Silahlı Qüvvələri addım-addım o yerləri təmizləyəcəklər. Prezidentin müəyyənləşdirmiş olduğu strategiya zərgər dəqiqliyi ilə ölçülüb-biçilib”.
